Bağça işləmir, zibillər daşınmır, marşrutlar gec gəlir – “Yolda sındı qaldı”
Bura imtiyazlı ailələrin yaşadığı Abşeron şəhərciyidir. Bu yeni Yaşayış Kompleksində şəhid ailələri, müharibə əlilləri, Vətən Müharibəsi qəhrəmanları, gözdən əlillər və bu qəbildən olan imtiyazlı ailələri yaşayır. Yaşadıqları evlərdə hər cür şərait olsa da buranın sakinlərinin əlləşdiyi problemlər heç də adi vətəndaşların problemlərindən az deyil. Şəhərcikdə iş yerləri, bağça, məktəb olmadığı üçün əhali məcburdur ki, ya Sumqayıta getsin, ya da Abşerona, Bakıya ərazisinə üz tutsun. Amma marşrutlar azlığı səbəbindən əraziyə gediş-gəliş müşkülə çevrilib. Marşrutlar gec gəlir, apteklər tez bağlanır. Yaxınlıqda bir market yox, bağça işləmir, məişət tullantıları vaxtında daşınmır, küçə itləri az qala bloklara girir, bir sözlə problem əlindən tərpənmək mümkün deyil. Ərazinin marşrut problemi ilə bağlı ilk olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq. Qurumun sözçüsü Tural Orucov bildirdi ki, Abşeron şəhərciyi üzrə marşrut sayı artırılacaq. Digər problemlərlə bağlı isə Abşeron rayon İcra hakimiyyətinə müraciət etdik. Qurumun mətbuat katibi Seymur Qasımov isə sorğumuza belə cavab verdi: “Məlumat üçün bildirək ki, Abşeron rayonu ərazisində şəhid ailələrinin, müharibə əlillərinin, Vətən Müharibəsi qəhrəmanlarının, gözdən əlillərin və bu qəbildən olan imtiyazlı ailələrin yaşadığı yeni Yaşayış Kompleksinin yerləşdiyi əraziyə qəsəbə statusunun verilməsi, o cümlədən qəsəbənin idarə olunması üçün inzibati subyektlərin yaradılması istiqamətində sənədləşmə işləri həyata keçirilir. Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən sözügedən Yaşayış Massivinin gecə işıqlandırılması təmin olunur, vaxtaşırı ərazidə iməcliklər keçirilir, dezinfeksiya tədbirləri görülür, ağacəkmə aksiyaları təşkil edilir, liftlər cari təmir olunur, binaların giriş hissələri təmizlənir. Yaşayış Massivinin ərazisində yığılan məişət tullantıları daimi olaraq Abadlıq və Kommunal Xidmətlər İdarəsi tərəfindən daşınır. Həmin gün (burada çəkiliş apardığımız gün nəzərdə tutulur) idarənin texniki vəziyyəti qənaətbəxş olmayan nəqliyyat vasitəsi nasaz vəziyyətə düşdüyündən təmirə göndərilib. Bununla əlaqədar olaraq məişət tullantılarının ərazidən daşınmasında bir neçə saat yubanma olub. Buna baxmayaraq tərəfimizdən icarəyə xüsusi nəqliyyat vasitələri cəlb edilib və mövcud vəziyyət artıq aradan qaldırılıb. Ərazidə olan sahibsiz heyvanlarla bağlı məsələyə gəldikdə isə bildiririk ki, sahibsiz itlərə qarşı istər hüquqi müstəvidə, istər hümanist davranma, istərsə də insanlıq dəyərləri nöqteyi-nəzərindən tərəfimizdən hər hansı bir radikal addımın atılması mümkün olmamışdır. Bütün bunları nəzərə alaraq Rayon İcra Hakimiyyəti tərəfindən, mütəxəssislərin də rəyi nəzərə alınmaqla, Sahibsiz Heyvanlara Qayğı Mərkəzinin layihəsi hazırlanıb. Layihədə sahibsiz heyvanların müayinəsi, müalicəsi, peyvəndlənməsi üçün otaqlar, həmçinin heyvanların gəzinti sahələri, geniş yaşıllıq zolaqları, o cümlədən istənilən şəxslər tərəfindən himayəyə götürülməsi imkanlarının yaradılması nəzərdə tutulub. Tərəfimizdən layihənin smeta xərcləri işlənilib hazırlanıb, icra hakimiyyətinin büdcədənkənar vəsaitləri bölməsində də bu layihənin tikintisi üçün də maliyyə vəsaiti ayrılıb. Hətta xidməti personal belə təyin edilib. Bütün bu işlərə paralel olaraq tərəfimizdən mərkəzin tikintisinin aparılacağı torpaq sahəsi müəyyən edilib. Hazırda aidiyyəti qurumlarla birgə həmin torpaq sahəsinin sənədləşdirmə işləri həyata keçirilir. Sənədləşmə işləri artıq son mərhələdədir. Bu işlər başa çatdıqdan sonra mərkəzin tikintisinə başlanılacaqdır”. Biz həm sakinlərin şikayətini, həm də cavabdeh qurumların açıqlamasını işıqlandırdıq. İndi bu sakinlər mat qalıb ki, bəs zibillər vaxtında təmizlənirdisə, onların evlərinə girən qurdlar haradan gəlmişdi, niyə gözlərinə həftələrlə qalaq-qalaq yığılan zibilin görüntüləri görünürdü?
Xədicə Səxavət, Əli Əliyev, APA TV