Bakı arxipelaqının arxivləşən adalarında “Disney Land” tikmək, “Survivor” keçirmək də olar
Xəzər dənizinin Azərbaycana aid hissəsində süni adaların yaradılması haqqında qanun layihəsi Milli Məclisdə müzakirələrə səbəb olub. Deputat Sabir Rüstəmxanlı Xəzərdə süni adalar yaratmaqdansa, mövcud təbii adalardan istifadə etməyin daha məqsədəuyğun olduğunu deyib. Qeyd edək ki, süni ada məsələsi nə dünya, nə də Azərbaycan üçün yenilik deyil. Daha əvvəl də belə praktika olub. Amma... Vaxtilə 1 milyon insanın yaşaması üçün inşasına başlanan Xəzər adalarında indi mühafizəçilərdən başqa kimsə yoxdur. Tənha yarımtikli hazırda Azərbaycan Sənaye Korporasiyasının tərkibindədir. Yeni investorların layihəyə sərmaye qoyub yenidən dirçəltməsi gözlənilsə də, hələ heç bir irəliyəliş görünmür. Ekspertlər hesab edir ki, Xəzərdə olan Nargin, Çilov, Böyük Zirə kimi adalarda yeni layihələr icra etməklə turistləri cəlb etmək olar. Hazırda Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Bəhreyn, Yaponiya, Çin, Sinqapur, Niderland kimi ölkələrdə süni adalar var. Bu adalar da əsasən turizm üçün istifadə olunur. Adalardan turizm məqsədilə yanaşı, həm də iş mərkəzləri kimi istifadə etmək olar. Bu Bakının yükünün azalması baxımından da faydalı ola bilər. Bəs Xəzərdə süni adaların yaradılmasının onun flora və faunasına təsiri ola bilərmi? Sözügedən qanun layihəsi mayın 7-də Milli Məclisin iclasında səsə qoyularaq qəbul edilib. Qanun Xəzər dənizinin süni torpaq sahələrində tikinti aparılmasının xüsusiyyətlərini müəyyən edir.
ORXAN ASLAN RAMİQ ABBASOV MƏMMƏDVƏLİ ZEYNALXANOV APA TV