Bakı-Sumqayıt yolu haqqında çətin təsəvvür
Bu ərazi insan sıxlığı, səs-küyü, natəmizliyi və saymaqla bitməyən bir çox dırnaqarası özəllikləri ilə Bakıdan çox köhnə hind filmlərində gördüyümüz Bombeyi xatırladır. Amma Bombey şəhəri 1995-ci ildə adını dəyişib nisbətən abadlaşıb Mumbay oldu, 20 yanvar dairəsi və Şamaxinka adlanan ərazi isə illərdir öz atmosferindədir. 1 manatlıq dönərlər küçəsi, lotereya satanlar prospekti, taksi sürücülərinin performans səhnəsi olan bu areal elə bil ki, Bakının tamam fərqli hissəsidir. İctimai nəqliyyat problemi buranın çarəsi tapılmayan dərdidir. Avtobusların gec gəlməsinə görə insanlar dayancaqda xeyli gözləyirlər. Nəhayət, dayanacağa sərnişinlərin həsrətlə gözlədiyi bir avtobus gəlib çıxır. Ancaq onda da avtobusun içində o qədər sərnişin olur ki, minə bilənə əhsən düşür. Minə bilməyənlər isə yenə bir o qədər də növbəti avtobusun gəlişini gözləməli olurlar. İctimai nəqliyyat vasitələrini gözləməyə hövsələsi çatmayanlar isə alternativ yola, “manatlıq taksi”lərə üz tuturlar. Bu taksilərin də qiyməti tıxacın dərəcəsindən və havadan asılı olaraq 1-2 manat arasında dəyişir. Düzdür, bu qismən nəqliyyat problemini aradan qaldırsa da, amma sürücülərin növbəti reysə çatması üçün təhlükəli idarəetməsi qəzalara səbəb olur. Üstəlik də sərnişin yığana qədər yolu kəsirlər. Sözügedən yolun hər iki istiqamətində bu yaxınlarda avtobus zolağı çəkildi. Zolağın çəkilməsində məqsəd insanların ictimai nəqliyyat vasitələri ilə rahat hərəkətini təmin etmək idi. Lakin bu da yolun dərdinə dərman olmadı. Yolda sıxlığın yaranmasının səbəblərindən biri də digər avtomobillərin avtobus dayanacağında, ikinci, hətta bəzən üçüncü zolaqda saxlamasıdır. Nəqliyyat eksperti sözügedən problemlərin həllini Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən bu yolda hərəkət edən avtobusların sayının artılıması və onlar arasındakı intervalın azaldılmasında görür. Adıçəkilən qurum isə Bakı-Sumqayıt yolundakı avtobusların hərəkətində gecikmələrin müşahidə olunduğunu etiraf edir. Avtobusların gecikməsi günün pik saatlarında nəqliyyat vasitələrinin sıxlığı ilə əlaqələndirilir. Qeyd olunub ki, sözügedən yol sahəsindən 37 müntəzəm marşrut xətti üzrə 1800 dəfədən çox avtobus keçir. Bununla 140 minə yaxın ictimai nəqliyyat istifadəçisinin daşınmasını təmin etmək mümkündür. Lakin sərnişinləri rəqəmlər maraqlandırmır. Onlar işdən yorğun çıxıb bir də yolda yorulmaq yox, rahat şəkildə evinə gedib çatmaq istəyir. Bakı-Sumqayıt yolunun mənzərəsi isə göz qabağındadır. 20 Yanvar metrostansiyası yaxınlığından keçən hissəsini də bu yolun kuliminasiya nöqtəsi adlandırmaq olar. Xatırladaq ki, Şamaxinka və 20 yanvar dairəsi adlanan ərazi Bakının şimal qapısı sayılır. Amma yolların dırnaqarası “butulka effekti” ilə daralması bu yoldan istifadəni daim çətinləşdirir. Tıxac bu yol üçün demək olar ki, ənənəvi hal alıb. Artıq illərdir ki , Bakı-Sumqayıt yolunu tıxacsız təsəvvür etmək mümkün deyil. Amma bu yol üçün ayrılan pulları fikirləşəndə necə gözəl və enli yolu təsəvvür etmək o qədər də... yox, mümkün deyil təsəvvür etmək. ORXAN ASLAN ARİF ƏLİYEV APA TV