Bakı və İrəvan bölgədə sülhə qarşı çıxan ölkələrin planlarını pozdu
Bakı və İrəvan bölgədə sülhə qarşı çıxan ölkələrin planlarını pozdu – APA TV Aprelin 19-unda Azərbaycan tarixində, aparılan xarici siyasətdə, bölgədə davamlı sülhün bərpası istiqamətində xüsusi gün kimi tarixə həkk olundu. İşğalda olan qeyri-anklav 4 kəndin Azərbaycana qaytarılması barədə razılıq əldə olundu. Ən əsas məqamlarddan biri isə odur ki, həmin ərazilərdə sərhəd xətləri də müəyyənləşib. Bu isə o deməkdir ki, Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri bir güllə atılmadan, qan tökül¬mədən Azərbaycana qaytarılır. Xatırladaq ki, kəndlərin qaytarılması məsələsini Prezident İlham Əliyev 2020-ci ildən qaldırıb. “Əldə olunmuş razılıq Azərbaycan və Ermənistan arasında delimitasiya istiqamətində atılan ilk addımdır”. Bunu APA TV-yə açıqlamasında deputat Arzu Nağıyev deyib. O əlavə edib ki, kəndlərin qaytarılması may ayının 15-dək müvafiq Protokol-təsvirlə sənədləşdirilərək razılaşdırılacaq və imzalanacaq. Deputat onu da əlavə edib ki, razılaşma Azərbaycanın guya Ermənistana hücuma hazırlaşması, Ermənistana qarşı ərazi iddiasının olmasına dair qərbin və erməni lobbisinin cəfəng anti-Azərbaycan təbliğatını da ifşa etmiş oldu. Arzu Nağıyev vurğuladı ki, Bakı və İrəvan vasitəçi olmadan öz aralarında problemləri çözməkdə israrlıdır.
Fuad Sadıqov APA TV