Bakıdan Amerikaya köçməyin asan yolları hansılardır? - AĞILASIĞMAZ FAKTLAR
Beynəlxalq Miqrasiya Təşkilatının hesabatına görə, 2023-cü ildə Meksika vasitəsilə ABŞ-yə keçmək üçün 2 milyon 240 mindən çox insan sərhədə gəlib. Birləşmiş Ştatlara qaçanların sosial şəbəkələrdə paylaşdıqları məlumatlara görə, qanunsuz miqrantları sərhədə Meksikanın Latın Amerikası ilə ABŞ arasında körpü rolunu oynayayan kartelləri sərhədə çatdırır. Bildirilir ki, sərhədi keçmək elə də asan olmur. Bəzən günlərlə yol gedirlər, bəzən dağlarla, bəzən isə su hövzələrini keçərək ABŞ sərhədlərinə çatırlar. Daha sonra miqrantlar sərhədi keçərək ABŞ hökumətinə təslim olurlar. Fürsətlər və arzular ölkəsi kimi tanıdılan ABŞ-yə getmək istəyən azərbaycanlıların da sayı az deyil. Amma hər kəs rəsmi qaydada gedə bilmir. Bu zaman isə qaçaq yola üz tutulur. İddia edilir ki, qaçaq yolla insanların ABŞ-yə aparılması ilə məşğul olan şəxslər bunu minlərlə dollar müqabilində həyata keçirir. Qanunsuz miqrasiyanın qarşısının alınması üçün Meksika da özünü aktiv tərəf kimi göstərməyə çalışır. Belə ki, axının daha çox Türkiyə üzərindən olduğunu bildərən rəsmi Mexiko hətta bəzən Kiçik Asiyadan gələn təyyarələrin, çox vaxt isə sərişinlərin ölkə ərazisinə girişinə icazə vermir. Amerikanın miqrasiya ilə bağlı araşdırma aparan QHT-ləri təkcə 2023-cü ildə Türkiyədən ABŞ-yə 100 mindən çox insanın sərhədi keçdiyi ilə bağlı məlumat veriblər. İddialara görə, həmin miqrantların içərisində azərbaycanlıların da sayı az olmayıb. Macəra dolu Ameriya səfər zamanı qaçaq miqrantları bir sıra risklər gözləyir. Beynəlxalq Miqrasiya Təşkilatının hesabatında Meksika-ABŞ marşrutu “dünyanın ən təhlükəli quru miqrasiya yolu” kimi qeyd edilib. “El Economista”nın məlumatına görə, ötən il 1560 miqrant ABŞ-yə getmək istəyərkən həyatını itirib və ya itkin düşüb. Hətta bu ilin fevral ayında su hövzəsini keçmək istəyən azərbaycanlıların da olduğu miqrantların qayıqlarının aşması ilə bağlı xəbər də paylaşılıb. APA TV-yə açıqlama verən azərbaycanlı miqrantlardan biri Rauf Vəlizadə bildirib ki, ABŞ-yə miqrant kimi getmək çox təhlükəlidir. Çünki miqrantlar bəzən heç Amerikaya gedib çıxa bilmirlər. Mütəxəssislər tövsiyə edirlər ki, ABŞ-yə getmək istəyənlər bunu yalnız rəsmi qaydada etsinlər. Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov miqrant kimi Amerikaya getmək istəyənlərin insan alverinin qurbanına çevrilə biləcəklərini də düşünür. ABŞ-dən olan ekspertlər isə faktiki durumun Bayden hökuməti ilə əlaqəli olduğunu bildirir. Qeyd edirlər ki, hökumət bu addımı artan sənaye müəssisələrinin işçi ilə təminatını minimuma enidrmək üçün atıb. Ucuz işçi qüvvəsi kapitalistlər üçün ən uyğun variantdır. Maraqlıdır ki, ABŞ hökuməti ötən il istifadəsiz “Green Card” kimi bildiyimiz “DV lottery” iş nömrələrini miqrantlara pulsuz olaraq paylanacağını bildirib. Bu güzəştin həm də qanunsuz miqrantlarla bağlı cinayətlərin azaldılması üçün ediləcəyi də vurğulanıb. Qeyd edək ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən, şəxsin istismar edilməsi məqsədilə aldadılaraq, daşınması insan alveri sayılır. Bu əməli törədənləri 5 ildən 15 ilədək həbs cəzası gözləyir.
ORXAN ASLAN VÜSAL BAYRAMOV APA TV