Bakıya nəfəs verən həyat mənbəyi – Bu suyu niyə "Şollar" adlandırırlar?
“Şollar-Bakı” su kəməri Abşeron yarımadasının içməli su təchizatı üçün çəkilmiş ilk kəmərdir. İnsanlar həmişə Şolları tərifləyib, paytaxta verilən digər mənbələrin suyundan üstün tutub. Bir zamanlar onun hər damcısı Abşeron yarımadası üçün əsil həyat mənbəyi idi. Şolların Bakıya axıdılması ilə şəhər əhalisinin 90 faizi duz dadı verən kəhriz sularından xilas olmuşdu. Bu suyun Bakıya gəlməsi elə də asan olmamışdı... Su kəmərinin tikintisinə 1911-ci ildə başlanılıb. Lakin kəmərin tikintisində fasilələr yarandığından “Şollar” suyu Bakı əhalisinə 1917-ci ildə çatdırılıb. Həmin il tarixə “Bakı-Şollar” su kəmərinin açılışı günü kimi düşüb. Bu suyun adı da elə Şollar kəndinin adından götürüb. Şollar sözünün mənası şil-şol deməkdir. Yerli inanca görə, bu füsunkar guşəyə müalicə üçün şil, əlil insanlar daha çox gələrmiş, müalicə alar və yayın isti vaxtlarını burada keçirərlərmiş. Şollar suyu mənbəyini artezian üsulu ilə qazılmış 24 quyu və lay sularından götürür. Birinci sifon tipli tunelə 16, ikinciyə 5, üçüncüyə isə 3 quyunun suyu daxil olur. Həmçinin dördüncü kaptaj xətti də var ki, bura lay suları və 32 bulaq qoşulur. Quyular mənbədən 2-3 kilometr şimalda “Şahdağ” silsiləsinə doğru uzanan meşədə qazılıb. Kəmərin çəkilişində müstəsna xidməti olan H.Z.Tağıyevin də dediyi kimi, Şahdağ öz qarı və bulaqları ilə əbədi olduğu kimi, Şollar çeşməsinin də suyu əbədi olacaq. Xədicə Səxavət, Əli Əliyev, APA TV