Bank Olmayan Kredit Təşkilatları niyə sələmçiliklə məşğul olurlar?

Azərbaycan Mərkəzi Bank daha bir Bank Olmayan Kredit Təşkilatına lisenziya verib. Bununla da Azərbaycanda fəaliyyət göstərən BOKT-ların sayı 54-ə çatıb. Ümumi götürdükdə isə ölkəmizdə BOKT-ların sayı azalmaqdadır. Əksər ölkələrdə bu təşkilatlar kredit faizlərinin tənzimlənməsində, rəqabətlilik mühitinin yüksəlməsində önəmli rol oynayır. Azərbaycanda da bəzi Bank Olmayan Kredit Təşkilatları, xüsusən də rayonlarda nisbətən daha aşağı və daha rahat kreditlər təklif edirlər. Ancaq təəssüf ki, bu təşkilatlar inkişaf edə bilmirlər. Ya sürətlə müflisləşirlər, ya da sələmçiliklə məşğul olmağa başlayırlar. Bəs bunun səbəbi nədir? İqtisadçı Elşad Məmmədov düşünür ki, başlıca səbəblər bütövlükdə ölkə iqtisadiyyatının strukturu, bank sektoru və maliyyə infrastruktunun ümumi mənzərəsi ilə bağlıdır. Onun sözlərinə görə, nəinki BOKT-ları, elə kommersiya bankları da ciddi təmərküzləşməyə meyllidir və bu sektorda lazımi rolu oynaya bilmirlər. İqtisadçının fikrincə, ölkədə fəaliyyət göstərən kredit təşkilatları investisiya yönümlü olmalıdır. Bütövlükdə iqtisadiyyatda yaranmış investisiya mühiti ilk növbədə bank sektorunun da inkişafını təmin etməlidir. İqtisadçı Xalid Kərimli isə BOKT-ların bank aktivlərinin çox kiçik 1%-lik hissəsini təşkil etməsinin və maliyyə sektorunda əhəmiyyətli paya malik olmamasının səbəblərindən birinin elə BOKT-ların özlərilə əlaqələndirib. Onun sözlərinə görə, BOKT-lar indiyə qədər, xüsusən də tənzimləmə mühitinin yaxşı olmaması səbəbindən korrporativ idarəetmənin standartlarını çox aşağı səviyyədə tətbiq ediblər. Çox nadir BOKT-lar var ki, nümunəvi şəkildə, qaydalar çərçivəsində fəaliyyət göstərir. Əksəri isə sələmçiliklə, lombard, lizinq kimi fəaliyyətlə məşğul olublar. Kiçik olduqlarına görə Mərkəzi Bankın sərt nizamlanma və tənzimlənmə tədbirlərindən kənarda qalıblar. Beləcə, işlərini keyfiyyətli qura bilməyiblər. Bu da onların zamanla bağlanmasına gətirib çıxarır. Ekspert deyir ki, BOKT-ların maliyyələşmə mənbələri elə bankların özü olduğu üçün banklar kimi daha ucuz kredit resurslari təqdim edə bilmirlər. Ekspert deyir ki, hazırda ölkəmizdə banklar, kreditləşmə və idarəetmə üzərində nəzarət gücləndirilir. Mövcud qanunvericilikdə BOKT-larla bağlı təkmilləşdirmə işləri aparılıb, tətbiq edilərsə, bu sahədə normal vəziyyət yarana bilər.

AYNUR QARA APA TV

Müəllif | Apa.Tv
Apa.tv