Banklar müştərilərinin məlumatsızığından bu cür istifadə edir
Bəzi banklar müştəriyə kartı balansına kredit daxil etməklə verirlər. Aldığı kartın içindəki vəsaitin kredit olmasından xəbərdar olmayanlar isə həmin məbləği xərclədikdən çox sonra banka borclandıqlarının fərqinə varırlar. Bu da müştəri ilə bank arasında narazılıqlara gətirib çıxarır. Əvvəllər insanlar bankdan kredit götürərkən müxtəlif tələblərlə rastlaşırdılar. Bu gün isə banklar özləri asan üsulla kreditlər təklif edirlər. Ekspertlər hesab edir ki, bunun səbəbi insanların banklardan əvvəlki kimi kredit götürmək istəməmələridir. Banklar öz kreditlərini mümkün qədər çox müştəriyə satmaq istəyir. Bu məqsədlə müxtəlif vasitələrə əl atırlar. Həmin kredit kartlarının faizləri isə fərqlidir. Belə ki, faizlər regionlarda və müştərinin gəlirinin qiymətləndirməsinə əsasən dəyişir. Ekspertlərin fikrincə, ölkəmizin maliyyə sektorunun inkişafı dünya inkişaf tendensiyasından geridə qalır. Bu səbəbdən diqqət istehlak kreditin üzərində cəmlənir. İnkişaf etmiş ölkələrdə bank kreditləri insanların yararlandığı əsas mənbə deyil. Mənbələr o qədər çoxdur ki, lazım olan vəsaiti başqa üsullarla da əldə etmək olur. ORXAN ASLAN TURAL ƏLİZADƏ APA TV