Banklar sağ cibimizə 1 manat qoyub, sol cibimizdən 5 manat götürürlər

“Mərkəzi Bank bankomatlar vasitəsilə plastik kartlardan vəsaitlərin nağdlaşdırılması zamanı haqların aşağı salındığını bildirib. Amma bu xidmətdə güzəşt edən bəzi banklar digər istiqamətlərdə qiymət artımlarına getməklə yenə də müştərilər hesabına daha çox gəlir əldə etməyə çalışırlar”. Bunu deputat Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb. O əlavə edib ki, bir sıra sistem əhəmiyyətli banklar SMS xəbərdarlıq tarifini gələn aydan 2,5 dəfə artırmaq qərarı veriblər. Belə artımlar özü də süni qiymət artımı və ya sektor mövqeyindən istifadə deməkdir. Məsələ ilə bağlı mövqeyini öyrəndiyimiz Mərkəzi Bankdan bildirilib ki, “SMS” məlumatlandırma üzrə banklar tərəfindən kart sahiblərinə tətbiq olunan xidmət haqları adıçəkilən xidmət üzrə bankların özlərinə təqdim olunan xidmətin dəyəri ilə əlaqədardır. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 36.6-cı maddəsinə əsasən hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komissiya haqlarını müəyyən etməkdə sərbəstdir. İqtisadçı ekspert Razi Abasbəyli deyir ki, banklar nağdlaşdırma əmnəliyyatları zamanı tutulan məbləği özləri müəyyən edirlər. Ekspert tariflərin artırılmasının bankların öz müştərilərinə qarşı arzuolunmaz siyasəti olduğunu vurğulayıb. İqtisadçı ekspert Eldəniz Əmirov isə qeyd edir ki, Mərkəzi Bankın qərarı təkmilləşdirilmə istiqamətində atılmış addımdır. Lakin bu qərar banklarda müəyyən itkilər sayəsində mümkün olacaq ki, onlar da bunu başqa vasitələrlə kompensasiya etməyə çalışır. Ekspert hesab edir ki, bu bilavəsitə bazarın özünün tənzimləməli olduğu prosesdir, lakin rəqabət mühitinin tənzimləməyə gücünün çatmaması inzibati müdaxiləni zərurətə çevirir.

ORXAN ASLAN APA TV

Müəllif | Apa.Tv
Apa.tv