Bərdənin maşın bazarında: “Danışdırıb, gedirlər”

Bərdədə yerləşən, ucu-bucağı görünməyən bu məkan Bərdənin maşın bazarıdır. Rəngli, növbənöv, hər keyfiyyətdə və hər zövqə uyğun maşınların sıraya düzüldüyü bu bazarda çoxlu adam da gözə dəyir. Amma bu adamların əksəriyyəti elə satıcıların özləridir. Həftədə iki dəfə fəaliyyət göstərən bazarda maşın satan çox olsa da alıcı demək olar ki, yoxdur. Qiymətlərə gəlincə isə. Alıcı qıtlığı olsa da maşın qiymətlərində artım müşahidə olunur. Satıcılar bildirir ki, şəhər yerlərindən fərqli olaraq rayonlarda xarici maşınlara tələbat azdı. Kənd yerlərində xarici maşını sürmək çətin olduğundan alan da azdır. Daha çox sovet istehsalı olan avtomobillərə tələbat var. Bazarda “VAZ 2106” və “VAZ 2107” markalı maşınların alıcısı daha tez tapılır. Bərdə bazarında ancaq və ancaq istifadə olunmuş maşınlar satılır və burada hər növdə maşına rast gələ bilərsiniz. Bazarda alıcısı çox olan sovet maşınlarından ən ucuzu "VAZ-21011"dir. Qiyməti 2500-3000 manat arasında dəyişir. Bazardakı ən bahalı sovet maşını isə "Lada Priora" dır. Bu maşın 12000-13000 arasında dəyişən qiymətlərlə satışa çıxarılır. Xarici maşınların qiyməti isə markasına, istehsal ilinə görə 8000 manatdan başlayır, 40000 manata qədər yüksəlir. Qeyd edək ki, kənd təsərrüfatı sahələrində yığım başlayan ərəfələrdə Bərdənin maşın bazarında böyük canlanma müşahidə olunur.

Emin Babayev, Fəzail Səfərov, APA TV, Bərdə

Müəllif | Apa.Tv
Apa.tv