Beşinci sinifdə tərk etdikləri məktəbə 36 il sonra belə qayıtdılar

 

Bu yol Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbinə aparır. Dörd keçmiş şagird 36 il sonra onların sosial həyata ilk addımlarını atdıqları, yıxılıb - durduqları, ağlayıb-güldükləri günlərə şahidlik edən doğma məktəbə gedirlər. Hər gün bu avtobus dayanacağından məktəbə tələsənlər bu gün heç tələsmədən, yolun hər qarışında bir nəfəs dərib xatirələrini yada salırlar. Bu gün 4 nömrəli məktəbdə dərs zənginin səsi gəlmir, amma müsahiblərimizin bir az didərgin, bir az da küskün düşən xatirələrində Xankəndini tərk etmək məcburiyyətində qaldıqları vaxt yarımçıq qalan dərslərin zəngi çalınır. Bu gün onlarla birlikdə bir şəhid də gəlib 4 nömrəli məktəbə. O şəhid ki, ana yazmağı vətən yazmağı, vətəni sevməyin ilk şərtini – onun uğrunda canından keçməyi bu məktəbdə öyrənmişdi. Onlar erməni qəsbkarları tərəfindən məcburi şəkildə göndərildikləri gündən indiyə kimi keçmişin çox izləri silinib. İndi doğma məktəbləri qoyub getdikləri kimi deyil. Məktəbin erməni işğalında olduğu müddətdə görkəmi dəyişdirilib və burda əlavə obyektlər inşa olunub. 4 nömrəli məktəbin keçmiş şagirdləri beşinci sinifdə oxuduqları müddətdə bu məktəbdə tanıdıqları hər kəsi xatırlayır. Qapı bağlı olduğundan məktəbə daxil ola bilməsələr də, məktəbin həyətində sinif yoldaşlarına zəng edərək öz sevinclərini onlarla bölüşürlər. Qeyd edək ki, Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbi 1945-ci ildən fəaliyyət göstərib. Bu məktəb Azərbaycan təhsilinin inkişafına öz töhfələrini verib, ədəbiyyatımızın, mədəniyyətimizin, adət-ənənələrimizin qorunub saxlanılması və təbliğində, gənc nəsildə yüksək mənəvi dəyərlərin formalaşmasında mühüm rol oynayıb. Bu gün Xankəndi yenidən cücərən ümidlərlə parlaq gələcək vəd edir. Tezliklə gələcək nəsillər bu torpaqlarda təhsil alaraq öz mədəniyyətlərini, dəyərlərini, birliyini qoruyub saxlayacaq.

Emin Babayev

Fəzail Səfərov APA TV

Müəllif | Apa.Tv
Apa.tv