“Beynəlxalq ictimaiyyət minatəmizləmə işində Azərbaycana yardım etməlidir”
Beynəlxalq səyyahlar qrupu unikal tarixi abidə sayılan Xudafərin körpüsündə olub. Səyyahlara Xudafərin körpüsü barədə, həmçinin, Ermənistan silahlı qüvvələrinin törətdiyi vəhşiliklər haqqında məlumat verilib. Bildirilib ki, Xudafərin körpüləri Azərbaycan memarlığının dəyərli abidələridir. Tarixən İpək yolunun üzərində yerləşən körpülərdən biri 15, digəri 11 aşırımlıdır. XII-XIII əsrlərin yadigarı olan körpülər orta əsrlərdə Azərbaycanda yüksək sənətkarlığın inkişafından xəbər verir. Diqqətə çatdırılıb ki, digər ərazilər kimi bu yerlər də dağıntılara məruz qalıb, işğal illərində evlər talan olunub, təbiət isə məhv edilib. Burada da bir çox tarixi-dini abidələr ermənilər tərəfindən təhqir edilib, məscidlər heyvan saxlancı kimi istifadə olunub, qəbirlər qazılaraq dağıdılıb. Vurğulanıb ki, məhz işğaldan azad edildikdən sonra Şərqi Zəngəzurda həyat canlanmağa başlayıb və ölkəmiz tərəfindən mühüm layihələr üzrə işlər aparılır. Beynəlxalq səyyahlar qrupunun üzvü kanadalı səyyah Erik Abtan Xudafərin körpüsündə açıqlamasında bildirib ki, ikinci dəfədir ki, Azərbaycandadır və ölkəmizə səfərdən həzz alır. Beynəlxalq səyyahlar Cəbrayıldan sonra Füzuli rayonuna səfər ediblər. Səyyahlar Horadiz kəndində ANAMA-nın minatəmizləmə əməliyyatları ilə tanış olublar. Onlara məlumat verilib ki, 30 ilə yaxın işğal dövründə ermənilər bu əraziləri minalarla çirkləndirib. Türk səyyah Tufan Sevincel bildirib ki, Azərbaycan ərazilərini minalardan təmizləmək üçün beynəlxalq dəstək almalıdır. Beynəlxalq səyyahlardan biri, rumıniyalı Mattey Russu bildirib ki, Azərbaycan minatəmizləmə sahəsində böyük işlər görür. Amerikalı səyyah Ravi Prabhu bildirib ki, minanın öldürücü partlayışını görmək belə dəhşətlidir. Qeyd edək ki, heyətdə 26 ölkədən (ABŞ, Kanada, İsveçrə, Britaniya, Danimarka, Almaniya, Avstriya, Polşa, Finlandiya, Norveç, İspaniya, Macarıstan, Rumıniya, Portuqaliya, Sinqapur, Avstraliya və s.) 50 nəfərə yaxın tanınmış səyyah yer alır. Qrupa NomadMania klubunun rəhbəri, dünyanın səyyah elitasının əsas simalarında biri olan Harry Mitsidis şəxsən başçılıq edir. Dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC, MTP, TCC, NomadMania və əksəriyyəti bu klubların üzvləri olan türklərin birləşdiyi Türkiyə Gəzginlər Klubunun, Böyük Britaniyanın "Piki Reels", İsveçin "Club 100" klublarının geniş tərkibdə heyətləri ötən 2 ildə 8 dəfə Qarabağ və Şərqi Zəngəzura səfər edib. Bu, sayca 9-cu analoji səfərdir. Budəfəki səfər noyabrın 4-də başlayıb. Səyyahlar artıq Şuşa və Ağdamda olublar.
Emin Babayev, Fəzail Səfərov, APA TV