Bir kənddə 15 evə qaz çəkildi, 600-ə yaxın sakin isə kənarda qaldı - REPORTAJ
Bura Astaranın Sığəloni kəndidir. Füsunkar təbiət, dağlarla əhatə olunan mənzərə, bol yaşıllıq, təmiz hava.
APA TV-nin yerli bürosu məlumat verir ki, ilk baxışdan gözəlliyinə valeh olduğumuz kəndin sakinlərin mavi yanacağa həsrət qalıb.
Kənd sakini Nəriman Muradov deyir ki, onlara kəndə qaz çəkildiyini desələr də hələ ki, heç bir nəticə yoxdur: “70-ci ildə İran-Qazməmməd-Ukrayna qaz kəməri çəkildi. Hər yerə qaz çəkildi, kəndimizə söz verdilər ki, bir ildən sonra sizdə qaz olar. 51 ildir gözləyirəm, oğlum. 51 ildir qazımız yox, odunumuz yox. Odun üçün meşəyə girdin qabaq cərimə edirdilər, indi tuturlar adamı, mən ora icazəsiz girə bilmərəm. Çayımız odun, kötük gətirir, onları yığırıq, kəsirik, o da çətindir. Yaş olur, yanmır”.
Qazlaşdırılmayan kənddə camaat məcbur olub meşəyə üz tutur. Nəticədə həm təbiətə ziyan dəyir, həm də sakinlər ya cərimələnir, ya da həbs olunur. Müsahiblərimizin hamısı meşələrin qırılmasına qarşı olduqlarını ürək yanğısı ilə bildirirlər. Bir başqa çıxış yolu oduncaq almaqdır ki, ona da pul çatdırmaq olmur deyirlər. Onları bir sual düşündürür ki, necə olur ki, kəndin yaxınlığından magistral qaz xətti keçir, amma evə qaz gəlmir?
Kənd sakini Sadiq Dənziyev qışda evlərini qızdırmaq üçün odundan istifadə etdiklərini deyir: “1 aylıq təxminən 20 metrə - 1 maşın. 1 maşın da götürür 300 manat. 300 manatı indi vur 6-7 aya, nə qədər pul eləyir?! Özüm pensiya alıram, indi çıxıb 250 manata. Çatmır Allaha and olsun. Zülmdür, bax 150 təsərrüfat var bu kənddə. Qaz hamısı gedib başqa kəndlərə, bizim bu kənddir, sonra yuxarı 2 kənddir, qaz yoxdur. Meşə qırılır, təbiəti biz saxlamalıyıq”.
Akif Mirzəyev isə odun qırdığına görə bir dəfə cərimələndiyini bildirir: “Bizim günümüz budur. Gedirik meşədən yığırıq bunu gətiririk. 380 manat məni cərimə eləmişdilər. Lənkəran Meşə Təsərrüfatında vallah orada ödəniş eləmişəm, 380 manat hələ də qalıb orada, pulumuz yoxdur, qazımız yoxdur. Əzab-əziyyət çəkirik, 5 uşaq atasıyam, müharibə veteranıyam mən, 5 il getmişəm döyüşmüşəm. Budur bizim əllərimiz, bax budur yaşayışımız”.
Kənd sakini Nəfisə Muradova da mavi yanacağın olmadığına görə çətinliklərlə üzləşdiklərini deyir: “Bu mənim təndirim, bu da mən xörək bişirən yerimdir. Səhər-səhər uşaqlar məktəbə gedir, məndən xörək tələb edirlər. Gecikdirirəm, uşaqların məktəbinə görə xörəyi çatdıra bilmirəm. Bu da yoldaşımdır, gecə-gündüz odun qırmaqla avara olur. Başqa bir işlə evdə maraqlana bilmir. Yəni bu bizim üçün böyük bir çətinlikdir. Ev şəraitidir, hər kəs gərək öz işiylə məşğul olsun, amma bizim gecə-gündüz işimiz budur. Sizdən çox-çox xahiş edirəm, bizim bu vəziyyəti nəzərə alın. Bizə hökumət tərəfdən yardım eləyin, biz bu çətinlikdən çıxa bilək”.
Sığəlonidə 100-dən çox ev var. Kəndin girəcəyində 10-15 evə qaz xətti çəkilib. Bu da deyilənə görə, həmin sakinlərin öz vəsaitləri hesabına baş verib. Amma bu işlərin ardı gəlməyib və kənddə yaşayan 600-ə yaxın adamı indidən dərd götürüb ki, növbəti qışı da min bir əzab-əziyyətlə keçirəcəklər.
Əhalinin mavi yanacaq probleminin həll olunub-olunmayacağını kəndin bələdiyyə sədri Ramin Dədəyevdən soruşduq, o isə cavabında məsələ ilə bağlı ümidverici fikirlər səsləndirdi: “Mavi yanacaqla bağlı onu deyə bilərəm ki, Astaranın Sığəloni və Marzəsəy kəndləri 2023-cü ilə kimi tam təmin olunacaqdır. Bu, pandemiya və müharibə dövrünə təsadüf etdiyinə görə bir az bu işlər yubanıb. Yaxın gələcəkdə bu işlər tam həllini tapacaq”.
Biz ümidvarıq ki, deyilən vaxta kimi Sığəloni sakinlərinin mavi yanacağa olan tələbatı tam ödəniləcək. Problemin tezliklə öz həllini tapması diləyiylə..
Tural Kərimov,
Rövşən Əzimov,
APA TV