Bir ünvana icazə alıb, başqa ünvanda tikinti aparmaq istəyirlər - REPORTAJ
Nə az, nə çox - düz dörd aydır paytaxtın Xətai rayonunun Gəncə prospektindəki 103, 105, 109 və 115 saylı kooperativ bina sakinlərinin rahatlığı pozulub.
APA TV-nin xəbərinə görə, sakinlər iddia edir ki, 1984-cü ildə kooperativ üzvlərindən yığılan vəsait hesabına sözügedən binaların qarşısındakı ərazidə bağça və kiçik park tikilməsi nəzərdə tutulub. İndi isə burda “Sultan-Y İnşaat” MMC tərəfindən çoxmərtəbəli bina tikilməsinə cəhd olunur.
İki min nəfərə yaxın sakinin çıxışı olan ərazidə artıq tikintinin təməli qoyulmaq üzrədir. Uzun illərdir burdan keçən işıq, qaz xətlərinin yeri belə dəyişdirilib. Bundan əlavə, ərazidəki yaşıl örtük yandırılıb. Tikintinin dayandırılması üçün sakinlərin döymədiyi qapı, getmədiyi ünvan qalmayıb.
Qarabağ qazisi Orxan Məhərrəmov 34 ildir bu məhəllədə yaşadığını deyir: “34 ildir bu məhəllənin sakiniyəm. Bu qədər binanın yalnız bir çıxış yolu var. Hamısı da maşın yoludur. Yəni 5-6 binanın bir boş ərazisi var. Burdan uşaqlar meydança kimi istifadə edir. Gün ərzində gəlirlər, gedirlər. Tikinti materialları tökürlər həyətə, etiraz edirik, deyirlər ki, gedin, başınız ağrıyar. Rəsmi sənəd-sübutları varsa, gəlsinlər tiksinlər, biz də kömək edək. Axı qanunsuz tikilidir”.
Binada yaşayan Zərifə Məmmədov da rahatlıqlarının olmadığını və səs-küydən yorulduqlarını deyir: “Qızım, dörd aydır belədir. Nə rahatlığımız var, nə sakitliyimiz. Bilmirik kimdir, nəçidir, nə istəyirlər. İyunun 10-da qol gücünə burda düzəltdirdiyimiz hər şeyi sökdülər. Setkaları belə yox etdilər. Gətiriblər tikinti materialları töküblər. Bu ərazi 32 sotdur. Uşaqlarımızın oyun meydançasıdır, maşınlar burda park olunur, axşamüstü qonum-qonşu bura çıxır. Axı bu binalar kooperativdir, heç qanunla da hüquqları yoxdur ki, həyətimizdə 18 mərtəbəli bina tiksinlər”.
Zərifə müəllimənin sözlərinə görə, sözügedən ərazi Gəncə prospekti 103, 105, 109, və 115 saylı kooperativ binaların həyətidir. Tikinti aparan şirkətin icazəsi isə Gəncə prospektindəki digər ünvanadır: “Qızım, 4 aydır gedirik, müraciət edirik. Bizə verilən rəsmi məktublarda belə icazə müxtəlif ünvanlarıdır. Yəni icazəni konkret bu ünvana almayıblar”.
30 ildir sözügedən ərazidə yaşayan Şəhla Alıyeva deyir ki, bir neçə aydır əziyyət verirlər onlara: “Qızım, bu tikintini aparmaq üçün qaz xətlərini kəsib günlərlə mavi yanacaq vermirlər, işıq dirəklərinin yerini dəyişirlər, su yox. Bu həyətdə nəvələrimiz böyüyür, çıxıb oturmağa bu ərazidən başqa yerimiz yoxdur”.
Sakinlərdən biri olan Zakir Cəfərov isə şəhid xatirəsinin əbədiləşdirilməsi üçün bu ərazidə işlər görməyi təklif edir: “Bu məhəllənin şəhidi var. Vətən müharibəsinin şəhidi. Təklif edirik ki, şəhid xatirəsinin əbədiləşdirilməsi üçün bu ərazidə addım atılsın. Biz özümüz o addımı atmaq istəyirdik, amma icazə vermədilər. Bu, həm bizim, həm də onun ailəsinin ürəyincə olar. Şəhidimiz üçün xırda bir yer düzəldiblər, nə olardı ki, elə bu ərazi onun adına abadlaşdırılardı?”
Xətai rayon sakinlərinin şikayətini dinlədikdən sonra üz tutduq Mənzil Kommunal Təsərrüfatı Departamentinin 85 saylı Mənzil Kommunal İstismar Sahəsinə. Qurumun rəisi Elcan Oruclu bildirdi ki, sakinlərin narazılığından, hətta “Sultan-Y İnşaat” MMC-nin təmsilçiləri ilə sakinlər arasında yaşanan gərginlikdən də xəbərdardır. Amma Gəncə prospekti 103, 105, 109 və 115 saylı kooperativ bina olduğundan, məsələnin həlli saylı Mənzil Kommunal İstismar Sahəsinin səlahiyyətində deyil.
Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanovun da məsələyə münasibətini öyrəndik: “Bilirsiniz ki, artıq tikinti ilə bağlı məsələlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarətindədir. Əgər sahibkar özünə məxsus ərazidə tikinti aparmaq istəyirsə, tikinti ilə bağlı məsələ sözügedən komitə tərəfindən araşdırılır və icazə verilir. “Sultan-Y İnşaat” MMC-yə də tikinti işlərinin aparılması üçün icazə verilib. Sahibkarla vətəndaş arasında gərginlik də qarşılıqlı anlaşma zəminində həll olunmalıdır, ya da narazılığı olanlar əlaqədar təşkilatlara müraciət edə bilərlər. O ki qaldı ünvan məsələsinə, əgər sakinlər narazıdırlarsa, hüquq-mühafizə orqanlarına müraciət edə bilərlər”.
Nə az, nə çox – düz 3 gün “Sultan-Y İnşaat” MMC-nin təmsilçilərinin də baş verənlərlə bağlı fikirlərini öyrənməyə cəhd etdik. Bu cəhdimiz isə baş tutmadı. Çəkiliş apardığımız iki gün müddətində cavabdeh şəxslər kameramızdan yayındı.
Sevinc Vaqifqızı,
Samir Qaragözov,
Musa Qulammirzəyev,
APA TV