Bir vaxtlar Xankəndini tərk etdiyi maşınla ora qayıtmaq istəyir
O, bir vaxtlar bu maşınla doğma yurdu Xankəndini tərk etmək məcburiyyətində qalıb. İndi isə eyni maşınla doğma ocağa qayıtmaq arzusundadır. Müsahibimiz 1938-ci ildə Xankəndində doğulan Qəmbər Yusif oğlu Məhərrəmovdur. Qəmbər Məhərrəmov əvvəl Şuşada müəllimlik təhsili alsa da təhsilini yarımçıq qoyur və Bakıda bənnalıq üzrə peşə təhsili alır. Sonralar doğma şəhəri olan Xankəndində aparılan əksər tikinti quruculuq işlərində iştirak edərək öncüllərdən olur. O, Xankəndinin girişində quraşdırılan “Biz və bizim dağlar” abidəsinin tikintisində də işləyib. 86 yaşını tamamlamağa hazırlaşan Qəmbər kişi köhnə şəkilləri göstərir, deyir ki, ermənilərlə birgə yaşayıb birgə işləyiblər. Amma ermənilər üzdə dost görünsələr də, məkrli niyyətlərini yerinə yetirmək üçün daim fəaliyyətdə olublar. Xankəndinin hər küçəsində, hər tikilisində alın təri olan Qəmbər Məhərrəmov çəkdiyi zəhmətin müqabilində alıb bu maşını. Elə o maşınla da öz yurdunu tərk edib. Qəmbər Məhərrəmov deyir ki, 45 yaşlı “011” ilə doğma şəhərinə qayıdacağı günün gözləyir.