Bu bitkidən Ağdaşda möcüzəvi məhsullar istehsal olunur
Artıq uzun müddətdir ki, dünya, eləcə də ölkəmizin insanları viruslar, immunitet, virusların yaratdığı xəstəliklər barədə narahatdır. Xəstəliklərin müalicəsində isə təbii üsullardan istifadə edilir, biyan kökündən alınan preparatlar geniş tətbiq olunur. Dünyada bu bitkidən 200-dən artıq flavonoidlər alınır. Bunlardan ən faydalısı qlisirrizin turşusudur. Dünyada bitən biyanlardan fərqli olaraq, Azərbaycanda bitən biyanın tərkibində 24% qlisirrizin turşusu var. Yəni virus əleyhinə maddə ən çox bizim biyanın tərkibindədir. Azərbaycanda, Ağdaş rayonunun Şıxlı kəndində yerləşən, 2019-cu il Oktyabrın 28-də Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan “Biyan Sənaye Parkı”nda, “Bitki Ekstraktı və Sirop Zavodu”nda standartlara uyğun 100% bitki mənşəli, yüksək keyfiyyətli bioloji fəallığa malik məhsullar istehsal olunur. Burada istehsal olunan müalicəvi şərbətlər öskürək, iltihab, qrip və zökəm eleyhinə, bəlğəmgətirici, immuniteti, hemoqlabini artıran, sinir sistemini sakitləşdirən təsirlərə malikdir. Bütün istehsal prosesi boyu məhsul nümunələri müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyada yoxlanılır. “Biyan Sənaye Parkı”nın tərkibində biyan əkilməsi üçün nəzərdə tutulmuş 1000 hektar sahəyə malik plantasiya da var. İstehsal olunan məhsulların yerli bazarla yanaşı, dünya bazarına ixracı da planlaşdırılır. Hazırda isə biyan xammal kimi emal olunaraq "Made in Azerbaijan” brendi altında xarici bazara satılır. Biyan Sənaye Parkının yaradılmasında məqsəd müasir texnologiyalardan istifadə edərək, emal olunmuş biyan kökü və biyandan hazırlanan 100 faiz bitki mənşəli, bioloji fəallığa malik qida əlavələrini dünya bazarına çıxarmaqdır. Ümumi sahəsi 11 hektar olan “Biyan Sənaye Parkı”nın ərazisində “Biyan Tədarükü və Emalı Zavodu”, “Bitki Ekstraktı və Sirop Zavodu”, 10 məhsul anbarı, qazanxanalar, elektrik yarımstansiyaları, inzibati ofis binası, aqrotexnikalar üçün qaraj, tədarük məntəqəsi yerləşir. Biyan Sənaye Parkında ildə 7500 ton biyan kökünün və 100 min ədəd biyan şərbətinin "Made in Azerbaijan” brendi altında ixracı planlaşdırılır.
İlham Əhmədov, Taleh İbrahimov, APA TV