Bu evlər “kupça”sız qalacaq? – “Azərbaycanlılar qeyri-leqal yaşamdan qurtulmalıdır”

Bakı və Abşeronda çıxarış ala bilməyən yüz minlərlə fərdi həyət evi var. Çıxarışların verilməməsinin əsas səbəbi həmin ərazilərdə torpaqların fərqli təyinatlı olması, evlərin qadağan olunmuş ərazilərdə inşa edilməsi və tikinti normalarının uyğunsuzluğudur. Torpaqların təyinatının fərqli olması səbəbindən onların mülkiyyət hüququnun tanınmaması ilə yanaşı, dövlət büdcəsi əmlak və torpaq vergisindən məhrum olur. Deputat Vüqar Bayrmov təklif edir ki, kənd təsərrüfatı torpaqlarında tikilən evlərin statusunun dəyişidirilməsi mümkündürsə, statusun dəyişdirilib onların qeydiyyata alınması həyata keçirilsin. Deputat Fazil Mustafa isə deyir ki, sənədsiz evlərin rəsmiləşdirilməsi istiqamətində dövlət səviyyəsində bir sıra addımlar atılıb. Lakin bu addımların çevik həyata keçirilməsinə ehtiyac var. Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında qeyd olunub ki, fərdi yaşayış evləri üzərində hüquqların qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş sənədlər olduğu təqdirdə həyata keçirilir. Tələblərə riayət edilmədən tikilmiş fərdi yaşayış evləri ilə bağlı problemin həllinin mümkünlüyü nəzərə alınaraq, işçi qrupu yaradılıb. İşçi qrupu tərəfindən müvafiq normativ hüquqi akt layihələrinin hazırlanması istiqamətində işlər davam etdirilir.

ORXAN ASLAN APA TV

Müəllif | Apa.Tv
Apa.tv