Bu il Astara balı baha olacaq – Qiymətlərdə 15 manat artım ola bilər

Bu il Astarada arı məhsullarının qiymətində 5 – 15 manat artım müşahidə oluna bilər. Arıçılar deyir ki, bunun səbəbi məhsuldarlığın aşağı olması və xəstəliyə görə arıların 30 faizinin qırılmasıdır. Ötən il məhsuldarlıq aşağı olduğundan arıların sayında azalma müşahidə olunur. Qısa zamanda arıçılar arı ailələrini Aran bölgəsinə köçürəcəklər. May ayından isə çiçək tozu, arı südü, bal və digər məhsulların yığımına başlanılacaq. Hazırda arılara baxış keçirilir, yaza çıxan arıların hansı vəziyyətdə olduğu müəyyənləşdirilir. Arıçılar bildirir ki, arıların 50 faizi belə qırılsa, arını inkişaf etdirib, onu bərpa etmək mümkündür. Ancaq əlbəttə ki, arının azalması və arı ailələrinə çəkilən xərclər balın qiymətinə təsir edəcək. Astara Arıçılıq Assosiasiyasının sədri də deyilənləri təsdiq edib. O bildirib ki, məhsuldarlıq az olan il növbəti ildə də məhsul aşağı olur. Sədr qiymətlərlə bağlı da danışıb. Qeyd edək ki, ötən il Astara rayonunda 780 nəfər arıçı, 40 min arı ailəsi qeydiyyata alınıb. Bu il üçün isə yaxın vaxtlarda keçiriləcək monitorinqin nəticələrindən sonra arı ailələrinin sayı məlum olacaq.

İlkin Rzayev, Rövşən Almazoğlu, APA TV

Müəllif | Apa.Tv
Apa.tv