Bu kənddə yağış yağanda uşaqlar məktəbə getmir
Bu kənddə yağış yağanda uşaqlar məktəbə getmir - APA TV Mikrofon qarşısına keçmək üçün növbəyə duran bu camaat Saatlının Qaranuru kəndinin sakinləridir. Kəndin 3 kilometrlik yolu onları o qədər qəzəbləndirib ki, sakinlər od püskürür. Camaat deyir ki, bütün problemləri bu yola bağlıdır: Məktəbə getmək, təcili yardım çağırmaq, harasa qonaq getmək, qonaq qarşılamaq bir para yola görə sakinləri əməlli başlı sıxıntıya salıb. Qış gəlib, yağış yağan kimi isə əzab-əziyyət birə 10 artır. Kəndin bələdiyyə sədri Kamil Ağayev bildirdi ki, yolun təmiri bələdiyyənin gücü daxilində həll edilə biləcək məsələ deyil. Biz də aidiyyəti üzrə müraciət etdik. AAYDA-nin mətbuat xidmətindən isə bildirildi ki, vəsait ayrılan kimi yolun təmiri həyata keçiriləcək. Deyilənlərdən belə aydın oldu ki, Qaranuru kənd sakinləri hələ bir müddət də yolun təmir olunacağı günün ümidi ilə yaşamalı olacaqlar. Əlibəy Zeynallı Elçin Həsənov APA TV