Bu kənddə yası düşən ehsan vermir – Bura bir dəfə gələn, bir də gəlmək istəmir

Yollar çala-çuxur, gediş-gəliş çətin... Bura Göyçayın Mallı-Şıxlı kəndinin yollarıdır. Mallı-Şıxlı kəndi rayon mərkəzinə yaxın məsafədə yerləşir. Buna baxmayaraq kəndin yolunu bir dəfə görən bir də bura ayaq basmaq istəmir. Sakinlərin sözlərinə görə, sözügedən yol ötən əsrdə də bərbad vəziyyətdə olub indi də. Camaat deyir ki, kənddə kiminsə yası düşəndə ehsan vermirlər, ehsan üçün xərclənəcək pulları toplayıb yola daş-çınqıl tökməli olurlar. Məsələ ilə bağlı əvvəlcə Mallı-Şıxlı kənd bələdiyyəsi ilə əlaqə saxladıq. Bələdiyyə sədri Eldar Məhərrəmov ara küçələrin bələdiyyə, digər kənd daxili yolların isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansında olduğunu vurğuladı. Bildirildi ki, bələdiyyə balansında olan yollar 2024-cü ilin 1-ci rübü ərzində bərpa olunacaq. Azərbaycan Avtomobil yolları dövlət agentliyindən verilən cavab da həmişə eşitdiyimiz cavablardan fərli olmadı. Nə deyirik təki, tezliklə bu sakinlərin probleminin həlli mümkün olsun.

İlham Əhmədov, Taleh İbrahimov, APA TV

Müəllif | Apa.Tv
Apa.tv