Bu kəndin sakinləri qorxudan evlərini tərk edirlər
İsmayıllının Kürdmaşı kənd sakinlərini sürüşmə təhlükəsi təşvişə salıb. Kənddə torpaq və həyətyanı sahələrdə sürüşmə müşahidə olunur, evlərə zərər dəyir. Kənd sakinləri buna səbəb kimi ərazidən keçən su kanallarını göstərirlər. Camaat deyir ki, su hövzəsi məcrasından çıxaraq evləri, tövlələri yuyub-aparır, eyni zamanda torpaq itkisinə də səbəb olur. Sakinlərin iddiasına görə, hər gün daha da artan uçqunlar torpaq itkisinə də səbəb olur. Uçqun kəndi, demək olar ki, iki hissəyə ayırıb. Camaat deyir ki, torpaq sürüşməsi genişlənir və hansı evlərə yaxınlaşırsa, həmin evlərin sakinləri qorxudan evlərini, hətta rayonu tərk edib gedirlər. Sakinlər dəfələrlə İsmayıllı Suvarma Sistemləri İdarəsinə müraciət etsələr də, ərazinin onların balansında olmadığı cavabını alıblar. Sözügedən kanala xidmət Göyçay Suvarma Sistemləri idarəsi tərəfindən həyata keçirildiyindən Göyçayın da eyniadlı qurumuna müraciətlər edilib, amma bir nəticə əldə edə bilməyiblər. Göyçay Suvarma Sistemləri idarəsi bildirildi ki, baş verənlərlə bağlı məlumatlıdırlar. Məsələ ilə bağlı İsmayıllı rayon icra hakimiyyəti ilə əlaqə saxladıq. Bildirildi ki, araşdırma zamanı məlum olmuşdur ki, başlanğıcını Aşıqbayram su anbarından götürən kanal Kürdmaşı kəndinin ərazisindən keçməklə yaşayış məntəqəsində həyətyanı sahələrin yaxınlığından keçən beton kanalı dağıdaraq dərin yarğan yaratmışdır: “ Vizual təhlil zamanı məlum oldu ki, 5 həyətyanı sahədə torpaq yuyulması, 1 yaşayış evinə real təhlükə yaxınlaşmışdır. Eyni zamanda kəndin digər yaşayış məhəlləsini yol qovşağı ilə birləşdirən su ötürücüsü üçün də təhlükə potensialı yaranıb. Baş verən sürüşməyə səbəb son illərdə yağan güclü leysan yağışları və həmçinin sakinlərin söylədiyinə görə Aşıqbayram su anbarının suyu boşaldılarkən su kütləsinin çox olması səbəb kimi göstərilir. Qeyd olunanlarla bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının “Melliorasiya və Su Təchizatı” ASC-yə rəsmi məktub hazırlanır”-deyə açıqlamada qeyd edilib.
İlham Əhmədov, Taleh İbrahimov, APA TV