Bu PUA-lar Azərbaycanda da istehsal olunacaq: “Böyük daşları yerindən oynatdıq”

 

“Növbəti illərdə qarşımızda duran əsas vəzifələrdən biri Ordumuzun, Silahlı Qüvvələrimizin daha da gücləndirilməsidir” Bunu ölkə baçısı İlham Əliyev andiçmə mərasimindəki çıxışında bildirmişdi. O vurğulamışdır ki, Azərbaycan Ordusu 2020-ci ildəkindən daha güclüdür və cəmi bir neçə saat davam edən antiterror əməliyyatı bunun bariz nümunəsidir. Maraqlıdır ki, Azərbaycanın silahlanmasından, ordunun güclənməsindən və ölkə başçısının müdafiə sektorunda apardığı islahatlardan narahat olan xarici qüvvəllər var. Sual yaranır, Azərbaycanın yeni dövr və qarşıda duran vəzifələrindən olan güclü ordu quruculuğunun davam etdirilməsi, hərbi sənayenin inkişafı niyə lazımdır və bundan kimlər narahat olurlar? Məsələ ilə bağlı APA TV-yə açıqlama verən ehtiyatda olan polkovnik Mehman Süleymanov bildirib ki, tarix boyu Azərbaycanın yerləşdiyi coğrafiyaya böyük qüvvələrin marağı olub. O əlavə edib ki, Azərbaycan Qarabağ məsələsini həll etməklə böyük daşları yerindən oynatdı və bu kimi nüanslara görə, güclü ordu quruculuğu və hərbi sənayenin inkişafı davam etdirilməlidir. Hərbi ekspert qeyd etdi ki, gələcəkdə Bayraktar PUA-ları Azərbaycanda da istehsal olunacaq. Digər tərəfdən xaricdən silahlar alınanda mütləq Aəzrbaycanın relyefi və döyüş imkanları nəzərə alınmalıdır ki, bu, heyətin müdafiəsi üçün faydalı olsun. Polkovnik Mehman Süleymanov onu da vurğuladı ki, Azərbaycanı xarici risklərdən qorumaq və yeni reallıqlarla əlaqədar sərhəddə təhlükəsizliyin gücləndirilməsi zəruridir. Ölkə başçısının andiçmə mərasimində çıxışı zamanı verdiyi mesajlardan biri də Milli mənəvi dəyərlərin qorunması ilə bağlı idi. Prezident bildirmişdi ki, gənclər bu dəyərlər əsasında böyüməlidir. Gənclərin həmrəyliyinin daha da möhkəmləndirilməsi azərbaycançılıq ideologiyası və prinsiplərinin qorunması, inkişafı üçün vacib amildir. Bunu isə kanalımıza açıqlamasında Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) sədri Orduxan Qəhrəmanzadə deyib. O vurğulayıb ki, gənclər Azərbaycanın beynəlxalq sferadakı yolunu anlamalı, ən əsası da hər zaman milli maraqları əsas tutmalıdırlar. Təşkilat sədri onu da vurğulayıb ki, ölkənin inkişafı və rifahı kollektiv məsuliyyətdir və bu çərçivədə hər bir gənc çalışmalıdır.

Fuad Sadıqov APA TV

Müəllif | Apa.Tv
Apa.tv