Bu qalada yaşayan qadınların bir-birindən xəbəri yox idi
Azərbaycanda 3 əsr tarixi olan 40 otaqlı Hərəm qalası İsmayıllı rayonunun Sulut kəndi yaxınlığında yerləşir. Yerli sakinlər bu qalaya "Qırxotaq" və ya "Qırxqız" qəsri də deyirlər. Tarixi abidə hesab olunan qalanın tikintisi 1796-1805-ci illərdə həyata keçirilib. Bura Şirvan xanı Mustafa xanın sarayı olub. Tikili xanın ailəsinin şərəfinə Hərəm qalası adlandırılıb. Abidə "Qırxotaq" adlandırılsa da, oradakı otaqların sayı 40-dan çox olub. Rəvayətə görə, bu otaqlarda yaşayan qızların bir-birindən xəbəri olmazmış. Qala 1820-ci ilə kimi istifadə olunub. Yerli sakinlər buranı ziyarət edən tarixçilər deyir ki, qalanın memarlıq-planlaşma quruluşunu, əlçatmaz dağlıq ərazidə yerləşməsini nəzərə alaraq, onu respublika ərazisində mövcud müdafiə sistemlərinin 4 qrupundan biri sayılan dağ qalaları qrupuna aid etmək olar. Sakinlər inanır ki, xan ailəsi yaylağı məhz bu qalada keçirib. Paytaxt Şamaxıya köçürüldükdən sonra Mustafa xanın Hərəm qalası tərk edilib və tədricən dağıntıya məruz qalıb. Hazırda meşənin ortasında ağacların arasında yaşamaq üçün mübarizə aparan bu tarixi abidə baxımsızlıqdan laqeydlikdən yox olmaq üzrədir. Qalanın örtük konstruksiyaları tam dağılıb. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən bildirildi ki, həmin abidə tarixi tikili abidələrin reystrinə daxil deyil: “Müvafiq reystrə daxil edilməsi istiqamətində tədbirlər görülür. Abidəyə baxış keçirilərək monitorinq təşkil edilib və qorunmasına nəzarət edilir ”-deyə, o əlavə edib.
İlham Əhmədov, Taleh İbrahimov, APA TV