Bu rayonda çay kənarlarında kələm sahələri salınır

 

Əgər Qusara, Şahdağa heç olmasa bir dəfə yolunuz düşübsə, yəqin ki, çay kənarlarında göz oxşayan firuzəyi rəngə boyanmış tarlalar sizin də diqqətinizi çəkib. Bu sahələr kələm sahələridir. Bəli, bu rayonda təsərrüfatçıların əksəriyyəti çay kənarlarında kələm sahələri salır. Təsərrüfatçılar bildirir ki, çay kənarında kələmə qulluq etmək, məhsulu suvarmaq daha asan başa gəlir. Bura Qusarın rayon mərkəzindən 45 km uzaqda yerləşən Düztahir kəndidir. 1800 nəfər əhalisi olan bu dağ kəndində demək olar ki, bütün təsərrüfatlarda kələm becərilir. Gündəlik dolanışığını əsasən tərəvəzçilikdən çıxaran Düztahirlilər hazırda yetişməkdə olan kələmləri tarlalardan toplayıb bazarlara göndərməklə məşğuldur. 300 hektardan çox kələm əkilən Düztahir kəndində bu mövsüm tarlalarda bol məhsul yetişib. Hazırda ticarətlə məşğul olan şəxslər kələmin bir kiloqramını kəndlilərdən 20 qəpiyə alırlar. Təsərrüfatçılar bu məbləğin onları qane etmədiyini bildirirlər. Hazırda təsərrüfatlardan toplanan kələm yerli və paytaxt bazarlarında, eləcə də digər bölgələrdə satışa çıxarılır. Qeyd edək ki, Qusar rayonunda Düztahir kəndi ilə yanaşı, Böyük Muruq, Gican və Sudur kəndlərində də kələm becərilir.

Cəfər Talıb, APA TV, Qusar

Müəllif | Apa.Tv
Apa.tv