Bu rayonda dincəlmək üçün 50 manat da xərcləyə bilərsiniz, 1500 manat da

Bura Quba rayonunun Qımılqazma kəndidir. Kənd sakini Seymur İsmayılov öz evini turistlərə günlük kirayə verir. Bildirir ki, bayram günlərində belə evlərə tələbat çox olur. Təbiətlə baş-başa dincəlmək, kənd həyatına toxunmaq istəyən şəxslər belə evlərdə dincəlməyə üstünlük verirlər. Onlara yaşayış yeri verilməklə yanaşı, kənd məhsulları da təklif edilir. Quba ilə yanaşı, Qusar rayonuna da üz tutan turistlər arasında kənd evlərində qalmağa üstünlük verənlər çox olur. Hər iki rayonda evlər qonaqlara 50 manatla -1500 manat aralığında dəyişən qiymətlərlə təklif edilir. Təbii ki, bu da evin yerləşmə ərazisinə və şəraitinə görə dəyişir. Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirir ki, turistlərin fərdi yaşayış evlərini kirayələməsi kənd yerlərində bu biznes növünə marağı artırır. Kənd sakinləri öz həyətlərində, mənzərələri yerlərdə fərdi evlər tikərək kirayə verirlər ki, bu da onların gəlir əldə etməsinə səbəb olur. Eyni zamanda kənd yerlərində yerləşən kafe və restoranlar da qazanc əldə edə bilirlər. Hazırda Quba və Qusar rayonlarında yerləşən otellərdə bir gecə dincəlmək üçün 100-1000 manat arasında pul xərcləməyiniz lazım gəlir. Qeyd edək ki, bayram günləri ərəfəsində Quba və Qusar rayonları turistlərin ən çox üz tutduqları məkanlardandır.

Cəfər Talıb, APA TV

Müəllif | Apa.Tv
Apa.tv