Bu rayonda gənclərin əksəriyyəti 3-4 dil bilir
Əsrarəngiz təbiəti, tarixi məkanları, saysız-hesabsız istirahət zonaları və qışda da, yayda qonaq-qarası azalmayan – Qusar. Böyük turizm marşrutuna malik olan bu rayona hər ay minlərlə qonaq gəlir. Turistlərin böyük hissəsi əcnəbilər olsa da, buranın sakinləri qnaqlarla dil tapmaqda çətinlik çəkmir. Çünki, Qusar rayonunun əksər gəncləri ingilis dilini bilir. Rayonda yerləşən otellərdə, böyük istirahət mərkəzlərində personalı işə qəbul edərkən ingilis dili üstünlük hesab edilir. Elə kiçik restoranlarda çalışan əməkdaşlar da əcnəbi qonaqlarla ünsiyyət qura-qura dili öyrənməyə çalışırlar. Qeyd edək ki, bu ilin yanvar - oktyabr ayları ərzində Azərbaycana 1 milyon 724 min 218 nəfər əcnəbi səfər edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30 % artım deməkdir. Turistlərin ən çox üz tutduğu bölgələr sırasında isə, Qusar ilk 5-likdə yer alır. Görünür, bu amil də Qusarlı gənclərin ingilis dilinə marağında əsas rol oynayıb.
Cəfər Talıb, APA TV, Qusar.