Bu rayonumuzda hansı fəsil olduğunu bilmək mümkün deyil
Xaçmazda yaşıllıq deyiləndə ilk ağıla şam ağacları gəlir. Çünki Şabrandan Xaçmaza gedən Gəndob-Yalama yolu boyunca, eləcə də Xaçmaz ərazisində yolların kənarlarında şam ağacları əkilir. Bu proses əvvəllər ağac olmayan ərazilərlə məhdudlaşırdısa, indi lazım gələndə lap iri gövdəli ağaclar da kəsilir. Təki Şam ağacı üçün yer olsun. Xaçmaza yaxınlaşdıqca yolda daha acınacaqlı vəziyyət müşahidə olunur. Park və xiyabanları da şam ağacları bürüyüb. Yerli camaat yaranan yolka cəngəlliyinin içində əvvəllər şəhərdə və yol kənarlarında gördükləri ağacların həsrətini çəkirlər. Uzun illərdir tingçiliklə məşğul olan bağban Qurban Qəribov da son illər şam ağaclarına olan tələbatın kəskin artdığını bildirir. Əkilməsinə üstünlük verilən Eldar şamları isə ən münasib qiymətə satılan ağaclar sırasındadır. Kənd təsərrüfatı mütəxəssisi Mədət Qurbanov isə deyir ki, şam ağacına üstünlük verilməsinin səbəbi bu ağacın çox qulluq tələb etməməsi ola bilər. Bəs görəsən bu ağacların ancaq və ancaq asan böyüdüyü üçün, ya da həmişəyaşıllığı üçün əkilir, yoxsa həm də arxasındakı eybəcərlikləri çox yaxşı gizlədə bildiyi üçün? Bu ağacların əkilməsinin səbəbi nə olur olsun, sakinlər də, bu rayona gələn qonaqlar da bir neçə ildən sonra Xaçmaz rayonunda şam ağaclarından başqa yaşıllığın gözə dəyməyəcəyindən qorxurlar. Məsələ ilə bağlı Xaçmaz Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Suallarımıza cavab olaraq qurumdan bildirildi ki, son 4 ildə rayon ərazisində 16 mindən çox ağac əkilib. Həmin ağacların böyük əksəriyyətini həmişəyaşıl ağaclar təşkil edir. Niyə məhz bu ağacları əkilməsinə gəlincə isə, iynəyarpaqlı ağacların daha dözümlü olması qeyd edildi. Vurğulandı ki, bu ağaclar iqlimə daha tez uyğunlaşır, tez böyüyür, daha az qulluq tələb edir və yol kənarında həmişəyaşıl görüntü yaradır. Həmçinin qeyd edildi ki, rayon ərazisində eyni zamanda sərv və xan çinarı da əkilir. Yol kənarlarındakı kötüklərə gəlincə, isə, həmin kötüklər quruyan və yolda hərəkət edən avtomobillər üçün təhlükə ayaradan iri gövdəli ağaclara aiddir və həmin ağaclar səlahiyyətli qurum kəsilərək tərəfindən ərazidən götürülüb. Ekoloqlar isə bildirirlər ki, şam ağacları tozlanma vaxtı insan orqanizmi üçün olduqca zərərlidir. Qeyd edək ki, dünyada şam ağacının 115-dən çox növü var. Əksər ölkələr bu ağaclardan xüsusi bəzək kimi və meşə fondunda istifadə edirlər. Bir qayda olaraq, şam ağaclarının ətrafında ümumiyyətlə heç nə bitmir. Onlar sıx kölgə yaradırlar və demək olar ki, heç vaxt torpağı humusla zənginləşdirmirlər. Ölkəmizdə isə, Eldar şamı daha geniş yayılıb.
Cəfər Talıb, APA TV