“Bu torpaq özəlləşdirilə bilməz, bura vətəndaşındır” – Parkı xarabaya çevirdilər

Paytaxtın Nizami rayonu, Elşən Süleymanov küçəsi 72 A ünvanında, 220 saylı məktəbin əhatəsində yerləşən yaşıllıq ərazisinın hasara alınması və iaşə obyekti üçün tikinti işlərinə başlanılması ilə bağlı məlumatlar almışdıq. Sakinlərin şikayətlərindən sonra sözügedən əraziyə getdik. Bildirdilər ki, bir vaxtlar istirahət etdikləri bu park artıq xarabaya çevrilib. Əraziyə getdikdə sözügedən hasarın çoxsaylı şikayətlərə görə söküldüyünü və tikinti işlərinin dayandırıldığını gördük. Vətəndaşlar bildirir ki, bundan sonra parkın girişinə uşaq parkı salınacağına dair elan yerləşdirilsə də, bunun doğru olmadığına inanırlar. Onlar həmçinin bildirir ki, ərazidə kafe, restoran tikmək üçün ağacları da süni şəkildə qurudurlar. Səsləndirilən iddialara cavab tapmaq üçün ilk növbədə Nizami Rayon İcra Hakimiyyətinə üz tutduq. Qurumun sektor müdiri Cavid Qafarov açıqlama verməkdən imtina edərək bu məsələdə səlahiyyətli olmadığını bildirdi və suallarımızı cavabsız qoydu. Sözügedən ərazinin özəlləşdirilərək yerində restoran açılması iddiaları ilə bağlı Əmlak Məsələləri Dövlət Xidməti ilə əlaqə saxladıq. Qurumdan hasarlanan yaşıllıq ərazinin özəlləşdirilmədiyi bildirildi. Sakinlərin sözlərinə görə, yaxınlıqdakı yeni tikilidə ev alarkən onlara yaşıllıq ərazisində park salınacağı, sakinlərin həmin ərazidə istirahəti üçün şərait yaradılacağı vəd olunub. Amma görünür ki, verilən vədlər sadəcə vətəndaşları əsas məsələdən yayındırmaq üçündür. Qeyd edək ki, yaşıllıq əraziləri zəbt edib, Bakını beton cəngəlliyinə çevirmək istəyənlər heç də az deyil. Binalarla əhatə olunmuş ərazidə balaca yaşıllıq əraziyə də göz dikən bu insanlara nə demək olar? Ya da bu cürəti kimdən alırlar? Bu sualların cavabını nə biz, nə də sakinlər tapa bilir.

LƏMAN SALEHOVA ARİF ƏLİYEV APA TV

Müəllif | Apa.Tv
Apa.tv