Bunları yeyin, başınız daha yaxşı işləyəcək
Başın gum gum etməyi, beyinin sağlamlığını qorumaq və beynin daha yaxşı işləməyini təmin etmək üçün yemək vərdişlərinə, nə ilə qidalandığımıza diqqət etməliyik. Üstəlik bu ana qarnından başlayaraq, ömür boyu davam edən bir prosedurdur. Beynimiz lazım olduğu kimi işləyirsə, deməli, bütün bədənimiz də lazım olduğu kimi işləyir. Yox, beyində bir problem varsa, bu vəziyyət qısa bir müddətdə bədənimizə də təsir edəcək. Alimlər bildirir ki, beynimiz ümumi bədən çəkimizin yalnız 2%-ni əhatə etsə də, bədənimizə daxil olan qida maddələrinin ən azı 20%-ni xərcləyir. Doğru qidalanmanın beyin sağlamlığına təsiri danılmazdır. Həkim fitoterapevt Füzuli Hüseynov deyir ki, B qrup vitaminlərindən əsasən B12 vitamini, fol turşusu, dəmir, kalsium, D vitamini, polifenollar, amin turşuları və antioksidantlarla zəngin qidalar yemək beynimizi yaxşı vəziyyətdə saxlayır. Onun sözlərinə görə gözümüzə yaxşı təsir göstərən bütün qidalar, beynimizə də yaxşı təsir edir. Fizuli Hüseynovun sözlərinə görə, pis xolesteril kimi bildiyimiz LDL xolesterili, müxtəlif damar daxilində yığılıb qalan tromblar, yağlar, ağır metal duzlarını beyindən təmizləməyə kömək edən vasitələr var. Bunlardan biri də dünyada beynin süpürgəsi kimi tanınan ginkobiloba bitkisidir. Bundan başqa öküzotu bitkisi, sarıkök kökləri və ekstraktı, qara zirə yağından istifadə etmək də beyinə yaxşı təsir edir. O, həmçinin əsasən heyvan mənşəli qidalarla çox qidalanmağın beyində problemlərə gətirib çıxardığını da vurğulayır. Unutqanlıq, halsızlıq, yorğunluq, depressiya, baş ağrıları, konsentrasiya pozğunluğu və sairə kimi problemlərin səbəbi beynin düzgün işləməməyidir. Həkim bədəndə mikro sirkulyasiyanı, beynin qidalanmasını yaxşılaşdırmaq, pis xolesterindən uzaq olmaq üçün C vitamini ilə zəngin qarışımı tamaşaçılara tövsiyə edib. Nevroloq Aygül Nadirova heç bir qidanın ayrılıqda beyinə ciddi təsir etmədiyini bildirir. Onu da deyir ki, yaddaşı gücləndirən, beynin qidalanmasını yaxşılaşdıran qidalar arasında yaşıl yarpaqlı tərəvəzlər önəmli yer tutur. Bundan başqa həkim yaddaşın və sinir hüceyrələrinin bir-birilə əlaqəsini artırmaq üçün yağlı balıqların da həftədə 2-3 dəfə qızartmadan, buxarda bişirərək istifadəsini tövsiyə etdi. AYNUR QARA ARİF ƏLİYEV APA TV