Buradan son qatar 32 il əvvəl keçib – “İlk qatarı özüm aparacam”
Bəli, 1941-ci ildən Naxçıvan Muxtar Respublikasını Azərbaycanın əsas hissəsi ilə bağlayan bu dəmir yolu xətti 1992-ci ildə fəaliyyətini məcburi şəkildə dayandırdı. Bununla da muxtar respublikanın ölkənin digər bölgələri ilə quru əlaqəsi tamamilə kəsildi. Stansiyanın fəaliyyət göstərdiyi vaxtlar Naxçıvana gələn qatar ilk olaraq Ordubadda dayanırdı və bura hər zaman səs-küyü, insan axını ilə seçilirdi. Bu stansiyadan Ağbəndə qədər 54 km-dir. Salam-Məlik stansiyasının səsli-küylü vaxtlarına coşub-çağlayan Araz şahidlik edib. Həmin dövrdə maşinist köməkçisi kimi çalışan Elxan Məmmədov deyir ki, ən böyük arzusu yenidən o yolu getmək, o stansiyada sərnişinləri gözləməkdir. Qeyd edək ki, ölkənin əsas hissəsini Naxçıvanla birləşdirən bu dəmir yolunun uzunluğu 638 kilometrdir. Bu yolun üzərində yerləşən Salam-Məlik stansiyası Ermənilərin 90-cı illərdə törətdikləri hadisələr nəticəsində öz fəaliyyətini dayandırıb. Bu gün hər kəsin inancı odur ki, paytaxtdan gələcək qatarı ilk olaraq məhz bu stansiya salamlayacaq. Yaxın gələcəkdə Bakıdan yola çıxan qatar Salam-Məlik stansiyasında gül-çiçəklərlə qarşılanacaq!
Ceyhun Məmmədov, Əli Xudiyev, APA TV