Coratda sakinləri nədən narazıdır? - 200-dən çox evdə eyni problem yaşanır
Corat qəsəbəsində 200-dən çox evdə su problemi yaşanır. Qəsəbənin 2-ci məhəllə, Nərimanov, Liman, Əliağa Vahid və Hüseyn Arif küçələrində yerləşən evlər bir aydan çoxdur ki, su üzü görmür. Sakinlərin sözlərinə görə, il yarımdan çoxdur ki, su ilə bağlı çətinlik yaşanır. Problem adı çəkilən ərazinin su ilə təminatı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Bağlar Sukanal İdarəsinə veriləndən sonra başlayıb. Camaat deyir ki, su gah gəlir, gah gəlmir. Bir də görürsən günlərlə su olmur. Sakinlərin tək problemi susuzluq deyil, camaat marşrutların intervalların böyük olmasından və uşaqlar və gənclərin zaman keçirməsi üçün hər hansı bir məkanın olmamasından da şikayətçidir. Qəsəbədə yaşanan su problemi ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Bağlar Sukanal İdarəsi ilə əlaqə saxladıq. Suallarımıza verilən cavab isə belə oldu. AYNA-nın mətbuat katibi Tural Orucov sakinlərin marşrut xətti ilə əlaqəli probleminə cavab olaraq bildirib ki, Sumqayıt şəhərindəki 4 nömrəli müntəzəm avtobus marşrut xəttində gündəlik 5 orta tutumlu nəqliyyat vasitəsi 20 dəqiqəlik intervalla sərnişinlərə xidmət göstərir: “Texniki nasazlıq səbəbindən xəttə 3 avtobus buraxılıb ki, bu da avtobuslararası intervalın çoxalmasına səbəb olub. Daşıyıcıya qısa müddət ərzində avtobus sayının sərnişin tələbatına uyğun olaraq tənzimlənməsi tapşırığı verilib. Məsələ nəzarətə götürülüb.”-deyə, qurum rəsmisi əlavə edib. Sakinlərin uşaqların və gənclərin asudə vaxtlarını keçirmək üçün heç bir məkan olmaması ilə bağlı şikayətləri ilə əlaqədar Sumqayıt şəhər İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumun mətbuat katibi Eyvaz Qocayev bildirdi ki, Corat qəsəbəsində insanların asudə vaxt keçirmələri üçün park ərazisində əsaslı təmir işləri aparılıb: “Eyni zamanda nümunəvi məhəllə də salınıb. Gələcəkdə də bu istiqamətdə tədbirlərin görülməsi nəzərdə tutulub”-deyə, o əlavə edib.
Xədicə Səxavət Vüsal Qənbərov APA TV