Doğma kəndinə ilk gedişində şəhid oldu - REPORTAJ
Onun böyük arzuları var idi. Doğulduğu kəndə getmək, oranı qarış-qarış gəzmək istəsə də, bu ona qismət olmadı.
Söhbət iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində jurnalistlərlə birlikdə minaya düşərək həlak olan rayon İcra Hakimiyyəti başçısının Susuzluq kəndi üzrə nümayəndəsinin müavini Arif Əliyevdən gedir.
Həyat yoldaşı Ülviyyə xanım deyir ki, Arif 10 illə yaxındır sözügedən vəzifədə çalışıb. Hadisə baş verən gün isə Kəlbəcərə getmək üçün səhər saat 5-də yola düşüb. Xanımı onu bu səfərdən yayındırmağa çalışsa da, Arif onunla razılaşmayıb: “Mənə deyirdi ki, gedib vətənimdən video çəkəcəyəm. Bir az da zarafat elədim ki, heç kəsə video göndərmə oradan, çəkdiyin videoları öncə mənə göndər. Saat 1-in yarısı idi. Uşaqlara günorta yeməyi hazırlayırdım. Heç biri yemədi. Qızım dedi ki, ana, çörək boğazımdan keçmir. Oğlum da dedi, ana süfrəni yığ, çox narahatam. Həmin vaxt qaynımın həyat yoldaşı ağlaya-ağlaya maşından endi. Qızım dedi ki, ana, evimiz yıxıldı. Mən inana bilmirdim, şok keçirirdim. Birdən baxdım ki, həyat yoldaşımın şəhid xəbəri çıxıb. Gedərkən hər kəsi mənə əmanət etmişdi. İki günlük getmişdi. Övladlarımız gec olub bizim. Dedi gedib gələrəm, övladlarımın qurbanını kəsərəm. Gedəndə özü ilə qab götürdü ki, oradan hamıya su gətirəcəyəm”.
Arif Əliyev Kəlbəcərə yola düşərkən həyat yoldaşı onun avtomobilini toy avtomobili kimi bəzəyib. Deyir, mən onu toya yola saldım, o isə şəhid olub geri döndü: “Mənə dedi, get oradan su qabların gətir. Hər zaman mənə “dayıqızı” deyə müraciət edərdi. Boşqabları silib yığarkən ürəkli yığmırdım. Güldü. Dedi ki, gör sənə nə gətirmişəm. Ona bir gün qabaq hansısa dostu Kəlbəcərdən gül gətirmişdi. O, gülü iylədi, dedi, nə gözəl qoxusu var. Sonra mənə verdi. İndi o gülü mən özümdə saxlayıram. Fəxr edirəm ki, Arif kimi həyat yoldaşım var. Mən hər zaman fəxr edəcəm. Arifə layiqli övladlar böyüdəcəyəm”.
Oğlu Rəvanın sözlərinə görə, Arif Əliyev Kəlbəcər işğaldan azad ediləndən sonra ora getmək həvəsi ilə köhnə avtomobilini yenisi ilə əvəz edib: “Kəndimizə çatana yaxın minaya düşüblər. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Atama da həmçinin. Atam elə bir kişi idi ki, şəhid oldu, özü getdi, amma xatirələri hər zaman bizim yanımızdadır. Mən atamla fəxr edirəm”.
Şəhidin qızı Ləman getməməsi üçün atasına yalvarsa da, o qızının sözünə qulaq asmayıb: “Hətta atama yalvardım ki, getmə. Mənə deyirdi ki, get, aparacağım şeyləri maşına yüklə. Mən də gətirmək istəmirdim ki, getməsin. Amma heç nə bizim əlimizdə olmadı. Mən fəxr edirəm ki, Arif Əliyevin qızıyam. Atam bizə deyirdi ki, kəndimiz gözəl yerdir. Atamın həmişə arzusu olub məni kəndimizdə böyütmək”.
Uşaq vaxtlarından ailəsi ilə birlikdə Kəlbəcər rayonundan məcburi köçkün düşən Arif Əliyev Göygöl rayonunun Xasabağı kəndində məskunlaşıb. Anası Müşkünaz Əliyeva deyir ki, Arifin tək arzusu Susuzluq kəndində yaşamaq olub: “Dedi, arxayın olun, gedirəm vətənə, sizə şad xəbər gətirəm. Elə dedi və səhər də durdu getdi. Arif hamının arxa-dayağı idi. Getdi vətəninə, oradan isə... Hamıya sadiq adam idi. O, gedəndə mən qalxdım, çöldə oturdum. Demişdi, tezdən gedəcəyəm. Mən də dedim gözləyim, gələn vaxt başına dolanım, deyim, qurban olum, məni də özünlə apar. Görüb ki, mən çöldə oturmuşam, çıxmadı. Mən qayıtdım, yerimə uzananda gördüm ki, evdən çıxır. Mən də çıxana kimi maşını sürüb getdi. Gördüm ki, yoldaşı arxasınca konfet atdı”.
Arif Əliyev doğulduğu Susuzluq kəndinə yaxşı bələd olub. Qardaşı Mübariz Əliyev deyir ki, o. hər zaman bunu fəxrlə danışıb: “Arif həmişə mənə deyirdi ki, mən kəndimizi səndən yaxşı tanıyıram. Sən məndən yaşda böyük olsan da, mən səndən yaxşı tanıyıram Susuzluğu. Mənə deyirdi ki, hamısını çəkib sənə göstərəcəyəm. Arif fəxr olunası qardaşdır. Arif eldən getdi”.
Bacısı Sevdada qardaşı ilə fəxr edir: “Mən şəhid bacısı kimi fəxr edirəm. Bir bacı kimi çox ağır dərddir. Arif çox gözəl, qayğıkeş insan idi. Hər kəsə dayaq idi”.
Arifin qohumu Yasin Allahverdiyev onun itkisi ilə barışa bilmir: “Çox çətindir. Arif abırlı bir insan idi. Bunu hamı deyir. Çox tərbiyəli bir insan idi. Allah səbir versin. Şəhidlərin qanı bahasına alınmış torpaqlarda yenidən həyat sürərik. Onların xatirələri həmişə qəlbimizdədir”.
Qeyd edək ki, şəhid Arif Əliyev iyunun 5-də Göygöl Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Fuad Nazimoğlu,
Mehdi Məmmədov,
APA TV