DSX işğaldan azad olunmuş ərazilərə media-tur təşkil edib - REPORTAJ

Dövlət Sərhəd Xidməti (DSX) işğaldan azad olunmuş ərazilərə media-tur təşkil edib.

 

APA TV-nin məlumatına görə, media-tur çərçivəsində jurnalistlər DSX Sərhəd Qoşunlarının Qubadlı Əlahiddə Sərhəd Diviziyasının Mühəndis İstehkam Mərkəzində olublar.

 

Bildirilib ki, Mərkəz bu ilin yanvarında istifadəyə verilib. Sərhədçilər burada sərhədlərin mühafizəsi üçün xidmətə başlayıblar. Xidmət üçün hər cür şərait yaradılıb.

 

Aparılan xidmət barədə jurnalistlər məlumatlandırılıb, Mühəndis İstehkam Mərkəzində tank və piyada əleyhinə minaların axtarılması, tapılması və zərərsizləşdirilməsi ilə bağlı təlim məşq prosesi keçirilib, şərti minatəmizləmə əməliyyatı nümayiş etdirilib.

 

Media-tur çərçivəsində jurnalistlər Qubadlı rayonunun Qəzyan kəndində fəaliyyət göstərən hərbi xəstəxanada olublar. Bildirilib ki, üçmərtəbəli xəstəxana bütün avadanlıq və texnikalarla, dərman ləvazimatları ilə tam təmin olunub. Hərbçilərin müayinə və müalicəsi üçün hər cür şərait yaradılıb. DSX hospitalının həkimləri gecə-gündüz hərbçilərin xidmətindədir.

 

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat katibi Maya Şərifova bildirib ki, müzəffər Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirilən “Dəmir yumruq” hərbi əməliyyatında DSX-nın şəxsi heyəti çox yaxından iştirak edib: “Qəhrəman döyüşçülərimiz Xudafərin körpüsündə, Zəngilan şəhərində, rayonun Ağbənd qəsəbəsində, Şükratazvə Bartaz yüksəkliklərində dövlət bayrağımızı ucaldıblar. Bu döyüşlərdə iştirak etmiş sərhədçilərimizdən şəhid olan və yaralananlar da var”.

 

Maya Şərifovanın sözlərinə görə, işğaldan azad edildikdən sonra İran İslam Respublikası ilə sərhəddə yerləşən zastavaların fəaliyyəti bərpa edilib, Ermənistanla dövlət sərhədində - Laçın rayonun bir hissəsinə, Zəngilan və Qubadlı rayonlarının mühafizəsinə başlanılıb. Son iki ay ərzində artıq 10 hərbi hissə fəaliyyətə başlayıb və may ayının sonunadək daha 6 yeni hərbi hissə yaradılacaq.

 

Jurnalistlər Sərhəd Qoşunları Qubadlı Əlahiddə Sərhəd Diviziyasının Mahmudlu Hərbi Poliqonunda yaradılmış şəraitlə də tanış olublar. DSX-nın Mətbuat Mərkəzinin əməkdaşı, polkovnik-leytenant Rəşad Məşədiyev bildirib ki, Mahmudlu Hərbi Poliqonunda bölmələrin döyüş hazırlığının yüksəldilməsi üçün hər cür şərait var: “Burada döyüş texnikası, atıcı silahlar, zenit qurğularından və minaatanlardan atəş açmaq və atışların qiymətləndirilməsi imkanları mövcuddur. Eyni zamanda döyüş texnikalarının trenajor zallarında modulları quraşdırılıb. Şəxsi heyət texnikadan istifadə etməni mənimsəmək üçün trenajorlar üzərində məşqlər keçirə bilirlər”.

 

Jurnalistlərin diqqətinə o da çatdırılıb ki, Vətən müharibəsində Ermənistan Ordusundan qənimət götürülmüş hərbi texnikalardan bir neçəsi poliqonun ərazisində saxlanılır. Onların arasında piyadaların döyüş maşını, T-72 tankı və zenit qurğusu var. Azərbaycan sərhədçiləri yararlı olan həmin texnikalardan da bölmələrin təlimlərində istifadə edir.

 

Sevinc Vaqifqızı

Musa Qulammirzəyev

 

Müəllif | Apa.Tv
Apa.tv