Əkin-biçin torpaqlarına "tikin, köçün" icazəsini kimlər verir?
Son zamanlar kənd təsərrüfatı təyinatlı torpaqla fərdi yaşayış obyektlərinin tikilməsi geniş vüsət alıb. Halbuki dövlət reyestrindən çıxarışda torpağın kənd təsərrüfatı təyinatlı olduğu yazılıbsa, həmin sahləri təyinatından kənar istifadə etmək qadağandır. Bakının bir neçə ərazisində, Abşeronun bəzi qəsəbələrində, kənd təsərrüfatı üçün nəzərdə tutulmuş sahələrdə minlərlə fərdi yaşayış evləri tikilib. Bəs görəsən Kənd Təsərrüfatı Nazirliyi bu xüsusda hansı addımları atır? Quruma ünvanladığımız sorğuya “ O məsələlər Kənd Təsərrüfatı Nazirliyinə deyil, Əmlak Məsələləri Dövlət Xidmətinə aiddir” cavabı gəldi. Əmlak Məsələləri Dövlət Xidmətindən isə bildirildi ki, kənd təsərrüfatı təyinatlı torpaq sahələrini təyinatından kənar istifadə etmək qadağandır. Bəli, qadağan olmağına qadağındır. Bunu bildik. Bəs bu qadağaya məhəl qoymayanlar kimlərdir? Kimlər bu torpaqları dəyər-dəyməzinə vətəndaşa satır və ya satmağa cürət edir? Bələdiyyələr, yoxsa İcra Hakimiyyəti? Hər halda bütün məsuliyyəti maklerlərin üzərinə yıxmaq olmaz, çünki onlar torpağın satışını möhürləmək səlahiyyətinə sahib deyillər. Bu səbəbdən bələdiyyə və icra orqanlarına zəng etdik. Lakin cavab verən olmadı. Xatırladaq ki, Azərbaycan belə qanunsuz fəaliyyətlərlə mübarizə aparır. Örnək kimi DTX əməliyyatlarını göstərmək olar. Deyəsən, dövlətə və millətə məxsus olanları satmaqla varlanan hələ çox bələdiyyə və icra nümayəndələri həbs olunacaq.