Əlillik dərəcəsi necə müəyyənləşdirilir? - MÜAYİNƏ PROSESİNDƏN REPORTAJ

Bakıdakı Respublika Əlillərin Bərpa Mərkəzinin qarşısı qələbəlik olmasa da, onlarla adam əlilliyin təyini ilə bağlı qəbula gəlib.

 

APA TV-nin xəbərinə görə, Rahib Şeydayev də onlardan biridir: “II qrup Qarabağ əliliyəm. 2002-ci ildə Ağdamda yaralanmışam. Əvvəl III qrup idim, 2016-cı ildə II qrup təyin olundu. İndi isə təkrar komissiyadır. Mənə verilən pensiyanı bir ay idi dayandırmışdılar. Mənə Forma-88 göndərmişdilər, imtina cavabı gəlmişdi. Çünki diaqnozum güllə yaralanmasıdır. Amma bunu yanlış yazmışdılar. Bununla bağlı müraciət elədim, dedilər ya poliklinikanın, ya da bizim səhvimizdir ki, yanlış diaqnoz yazılıb”.

 

Əli Talıbov isə övladını müayinəyə gətirib: “Yanımda əyləşən Talıblı Amil oğlumdur. II qrup anadangəlmə fiziki qüsurludur. İkinci dəfə əlliliyin təyinatı ilə bağlı imtina gəlib. Fevral ayına qədər pensiya alırdı. Artıq 3 aydır kəsilib. Artıq ikinci dəfədir burdayıq. Səbəb kimi deyirlər ki, Bakı xəstəxanalarından sənəd alın gətirin. Həmin sənədləri də gətirdik, yenə imtina gəldi. Evdə araba ilə gəzir. Anadangəlmə ayaqları gödəkdir. Uşaqlıqdan bu yana alır, 5 il idi ki, II qrup təyin olunmuşdu”.

 

Əlillik dərəcəsi üçün müraciət edən vətəndaşlar öz növbələrini gözləyirlər. II qrup əlil Faiq Qurbanov deyir ki, fevral ayında komissiyadan keçib: “Ağciyərim, sol gözüm, qolum, sol ombamdakı xəsarətlərlə pensiya alırdım. Beş aydır dayanıb. Komissiyadan keçmişəm, qərar gözləyirəm. 5-ci dəfədir gəlirəm. 14 dəfə xəstəxanada yatmışam aylarla. Hərbçiyəm, xidməti vəzifəmi yerinə yetirərkən Naxçıvanda əlil olmuşam”.

 

Son günlər ölkə gündəmində əlliliyin təyinatı, təkrar komissiya zamanı bürokratik əngəllərin olması ilə bağlı fərqli fikirlər səsləndirilir. Tibbi-sosial ekspert komissiyaları vasitəsilə əlilliyin qiymətləndirilməsi prosesini canlı izləmək məqsədilə burdayıq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təyinatla bağlı gördüyü işləri işıqlandırıb, olduğu kimi sizə təqdim edəcəyik.

 

Füzuli Cəfərov  I qrup Qarabağ əlilidir: “Ordubadda dağdan yıxılmışam. Ağır travmalarım olub. 12 ildir pensiya alıram. Sonuncu dəfə 5 illik təyin etmişdilər. Yanvarın 27-si xəbər gəldi ki, yenidən komissiyadan keçməlisən. Sənədləri Şirvan şəhər VTEK-ə təqdim etdim. Ordan Bakıya göndərdilər. Burda da komissiya üzvləri rahat qəbul elədilər. Yeni sənədlər toplamalıyam, bundan sonra təyinatımla bağlı qərar veriləcək. Hər şey qaydasındadır”.

 

Tibbi-sosial ekspert komissiyaları vasitəsilə əlilliyin qiymətləndirilməsini prosesini iki saat müşahidə etdik. Təyinatdan razı qalanlar da var, narazı olanlar da. II qrup Qarabağ müharibəsi əlili Rahib Şeydayev də yenidən müayinə olunur:

 

- Deməli, yenidən düşmür də mənə.

 

- Sümükdə sınıqdan sonra yalançı oynaq əmələ gələndə, bitişməyəndə əlillik dərəcəsi nəzərdə tutulur. Sizdə gözlə görünən, hiss olunan qalıq əlamətlər əlillik təyininə əsas vermir. Bu, travma ilə əlaqəlidir. Burda sizin xəstəliyinizi stenokardiya ilə göstəriblər.

 

- Bu yanlışlıq mənim səhvim deyil ki. Onu da həkimlər yanlış yazıb. 19 ildir sol qolum açılmır.

 

Əlilik təyinatı ilə bağlı digər vətəndaşın müşahidə prosesini izləyirik: “Məmmədov Məhəbbət odlu silahdan açılan atəş nəticəsində yaralanıb. Yaralanma nəticəsində uzunmüddətli stasionar müalicə alıb. Müalicənin bu günə kimi davam etdiyini müşahidə etdik. Sadaladıqlarımıza və əyani görüntütə görə III qrup əlilliyin təyin edilməsi ilə bağlı qərar verdik”.

 

Məhəbbət Məmmədov isə bu qərarla razılaşmır: “Doktor, mən sizə deyirəm mən ailə-uşaq sahibi olacam. Mən ailəmi, uşağımı III qrupla necə saxlayım? Deyirəm 2 kq-dan artıq heç nə qaldıra bilmirəm”.

 

İki saatlıq müşahidələrimiz və lentə aldıqlarımızdan aydın görünür ki, əlillik təyinatında məmur-vətəndaş təmaslarının minimuma endirilməsi və şəffaflığın artırılması məqsədilə komissiya üzləri elə yerindəcə müraciət edənləri qəbul edir, dinləyir, müayinə edir, təyinatla bağlı verilmiş sənədlər təkrar yoxlanılır. Proseslə bağlı dəqiq məlumatı isə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi yanında ekspertiza şöbəsinin müdiri Şücaət Əliyevdən alırıq: “Gün ərzində 100-150 nəfər müraciət edir. Bunlardan 20-25 nəfəri əyani müayinə nəticəsində qiymətləndirilir. Əyani müayinə nəticəsində mülki şəxslər və Birinci Qarabağ müharibəsi əllilərinin sayı daha çoxdur. Əyani müayinənin məqsədi əvvəllər verilmiş əsassız əlillik dərəcələrini müəyyən etmək, əsaslıları təsdiq etmək, əsassızları dayandırmaqdır. Bilirsinizmi, uzun müddətdir pensiya təyin olunub, həm də dərəcələr də müəyyənləşdirilib. Prosesin yenilənməsi insanlarda narazılığa gətirib çıxarır. Bu da anlaşılandır”. Komissiya mütəxəssislərdən təşkil olunub. Səhər saatlarından qəbula gələn vətəndaşlar təyinat üçün müraciət edir, növbəlilik prinsipi qorunur”.

 

Qeyd edək ki, 2021-ci ilin aprel ayına olan statistikaya görə, araşdırmalar aparılan dövrdə 17 mindən çox saxta əlillik aşkarlanıb, 90 minə yaxın pensiya işi ləğv edilib.

 

Sevinc Vaqifqızı

Üzeyir Ağayev

Müəllif | Apa.Tv
Apa.tv