Əlilliyi ləğv edilən: “Qabırğamda güllə var, nəfəs ala bilmirəm, dedilər köklükdəndir” - ARAŞDIRMA

Elbrus Yusifov deyir ki, 1993-1994-cü illərdə Birinci Qarabağ müharibəsində iştirak etmişəm. Vətən Müharibəsində isə dəfələrlə müraciət etsələr də, yaş həddinə görə onları ön cəbhəyə aparmayıblar: “1994-cü il aprelin 24-də Tərtər istiqamətində gedən döyüşlərdə yaralanmışam. Ondan sonra qazilik almışam. Bədənimdən çoxsaylı qəlpə yaraları almışam. Güllə hələ də bədənimdə 7-ci qabırğamdadır. 2016-cı ilə qədər təqaüd almışam. Onda dedilər ki, 5 illik 3-cü qrup təyin olunur, sonra ömürlük olacaq”.

 

5 illik müddət bu il martın 5-də başa çatıb. Elə 3-cü qrup əlil Elbrus Yusifovun qayğıları da bundan sonra başlayıb: “Mart ayından mənim pensiyamı dayandırıblar. Qanun nədir, onu tələb edirəm. Mart ayından iyunun 15-dək məni get-gələ saldılar. İyunun 15-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təyin etdiyi komissiyadan keçdim. 8 nəfər həkim əyləşmişdi. Şikayətimi soruşdular, qoluma dəyən güllə yeri, barmaqlarımın işləməsi ilə bağlı olan problemlərimiz söylədim. Sinirlərim yığılır, hərəkət edə bilmirəm. Təngnəfəs oluram, qəlpə qoymur nəfəs alım. Dinlədilər və dedilər ki, sizdəki problemlər artıq çəkidəndir”.

 

Beləcə, komissiya Elbrus Yusifovu dinləyib, müayinə edib: “Dedilər buna nə qazilik düşür, nə də əlillik. Axı nə rentgen edirlər, nə UZİ. Bu nə müayinədir? Dedilər, çox danışma, ləğv edildi”.

 

Əlilliyi ləğv edilən Elbrus Yusifov aidiyyəti üzrə bir neçə quruma müraciət etsə də, hamısı eyni sözü deyib.

 

Məsələni araşdırmaq məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, iyunun 16-da vətəndaş Yusifov Elbrus Yusif oğlu hərbi müayinədə olub. Müayinə zamanı bildirilib ki, vətəndaşın hazırkı vəziyyəti əlillik təyinatına əsas vermir. Bundan başqa, həmin şəxs bu günədək dövlət tərəfindən ona verilən imtiyazlardan istifadə edib, ev və avtomobillə təmin olunub.

 

Sevinc Vaqifqızı,

Samir Qaragözov,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv