Əllərində bayraq, gözlərində sevinc…– Doğma yurda qayıdırlar
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb. Abşeron rayonunda, Bakı və Sumqayıt şəhərləri ərazisindəki yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı noyabrın 27-də Bakı şəhərinin Qaradağ rayonundan yola düşüb.. Bu mərhələdə Füzuli şəhərinə daha 25 ailə - 106 nəfər köçürülüb. Füzuli sakinləri əllərində bayraq, gözlərində sevinc doğma yurda qayıtmağın həyəcanını yaşayırlar. Doğma yurda qayıdan Füzuli sakinləri torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər. Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 308 ailənin, yəni 1106 nəfərin daimi məskunlaşması təmin edilib. LƏMAN SALEHOVA ARİF ƏLİYEV APA TV