Erməni keşişlər xalqı hakimiyyətə qarşı silahlanmağa çağırır - Paşinyan niyə hədəfə çıxarılır?
Ermənistan və Azərbaycan hökumətləri arasında sərhədlərin delimitasiyası barədə əldə olunan razılaşmaya etiraz edənlər peyda oldular. Narazı kütlə Ermənistandan Gürcüstana gedən İrəvan-Armavir yolunda aksiyalara başladı. Paşinyana müxalif qüvvələr vətəndaşları hakimiyyətin qərarına qarşı çıxmağa səslədi. Qeyd edək ki, etirazlar İrəvanda da davam etməkdədir. Polis sərhəddəki aksiya iştirakçılarından ərazini boşaltmağı tələb edib. Dəfələrlə iştirakçılarla mühafizə gücləri arasında da toqquşmalar yaşanmaqdadır. Aksiyaya “Ermənistan” blokundan olan deputatlar Qeqam Manukyan və Mqer Saakyan, Qarnik Danielyan da qoşulub. Qarnik Danielyan bildirib ki, Paşinyan hakimiyyəti Ermənistan ərazisini hissə-hissə türklərə verir. O əlavə edib ki, minaların təmizlənməsi azərbaycanlıların əraziyə rahat girə bilməsinə şərait yaradacaq. Aksiyada kilsə xadimləri də aktiv iştirak edirlər. Belə ki, Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının keşişi Baqrat Qalstanyan bildirib ki, hakimiyyətin məqsədi ölkədə xaos yaratmaqdır. O vurğulayıb ki, keçirilən aksiya xalq hərəkatıdır. Erməni lobbisinin təsirində olan bu keşişlər insanların dini inanclarından istifadə onları sülhlə bağlı məsələlərdə radikallığa səsləyirlər. Məsələ ilə bağlı kanalımıza açıqlama verən siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, artıq kilsə ilə hakimiyyət arasında açıq müharibə gedir. O əlavə edib ki, etirazların mərkəzində də elə kilsə dayanır və onlar da, özlərinin maliyyələşdirdikləri terrorçuları hökumətə qarşı səfərbər ediblər. Erməni siyasi şərhçi İşxan Verdyan isə bildirir ki, hazırki aksiyaların arxasında xarici qüvvələr dayanır. O əlavə edib ki, aksiyalara çağırışlarda Rusiya və Qərb dəstəkli qüvvələrin iştiakı da buna sübutdur. Siyasi şərhçi onu da əlavə etdi ki, Köçəryan hələ ki, özünü göstərmir. O vurğulayıb ki, Ermənistan ictimaiyyəti bu kimi marjinal qüvvələrin hakimiyyətə gəlməsi ilə barışmayacaq. Xatırladaq ki, aprelin 19-da Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası üzrə komissiyalar Tavuş vilayətindən sərhədin demarkasiyasına başlamaq barədə razılığa gəliblər. Alınmış qərara görə, Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı kəndləri Azərbaycana qaytarılır.
Fuad Sadıqov APA TV