Ermənilər suyuna zəhər qatdı, son əsərini xəstəxana divarına yazdı - ASƏF ZEYNALLI

Azərbaycan bəstəkarı Asəf Zeynallı milli romans, piano və simfonik musiqinin banisidir.

 

APA TV Kulis.az-a istinadən onun haqqında maraqlı faktları təqdim edir.


Asəf Zeynalabdin Zeynallı 1909-cu il 5 apreldə Dərbənddə doğulub. 1923-1926-cı illərdə Bakı musiqi texnikumunda, 1931-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsində, Üzeyir Hacıbəyovun sinfini bitirib.

 

1929-1931 illərdə türk (Azərbaycan) fəhlə teatrında musiqi bölməsinin müdiri və Azərbaycan proletar musiqiçiləri birliyinin sədri işləyib. Tofiq Quliyev və Qara Qarayev bir müddət onun tələbələri olublar. Azərbaycan musiqi tarixində ilk romanslar Asəf Zeynallının adı ilə bağlıdır.

 

Onun “Ölkəm”, “Sərhədçi”, “Çadra”, “Sual”, “Seyran” romansları milli vokal musiqimizin inciləridir.

 

O həmçinin türk (Azərbaycan) fəhlə teatrında oynanılan Cəfər Cabbarlının "Sevil", "Qayıdış", X. Nəzirli və S. Rüstəmin "Alov", A. Həmidin "Hind qızı", V. Kirşonun "Küləklər şəhəri" əsərlərinə musiqi bəstələmiş, "Uşaq süitası" əsəri ilə ilk dəfə Azərbaycan musiqi tarixində uşaq musiqisi repartuarının əsasını qoyub. Asəf Zeynallı bir neçə Azərbaycan xalq mahnılarını nota alıb. Cəfər Cabbarlının sözlərinə bəstələdiyi "Ölkəm" romansı ən məşhur əsəri hesab olunur.

 

1932-ci ildə Asəf Zeynallı Bülbüllə birlikdə xalq musiqilərini toplamaq üçün Qarabağa ezam olunur. O, getmək istəmir, qalıb başladığı əsəri bitirmək istəyir, lakin sözünü dinləyən olmur. Səfər zamanı orada ağır xəstələnir. Qarın yatalağına tutulan bəstəkar müalicə almaq üçün Bakıya qayıdır. Xəstəxanada olarkən otağının divarına son simfoniyasını yazır və qardaşından əsərinin divardan kağıza köçürülməsini xahiş edir. Təəssüf ki, onun son vəsiyyətini heç kim yerinə yetirmir…

 

Deyilənə görə onun ölümündə erməni əli də olub. Bu barədə Asəf Zeynallının yazdığı məktub da var. Həmin məktubda o, ermənilərdən şikayətlənir. Ermənilər onu “şovinist” adlandıraraq, bəhanə gətirirlər ki, guya, o dərs deyərkən türk, yəni azərbaycanlı şagirdlərə - onların arasında Tofiq Quliyev, Qara Qarayev də olub - daha çox diqqət ayırır, ermənilərə yox.”

 

Asəf Zeynallı ezamiyyətdə olanda ona bir stəkan su verirlər. O, sudan bir qurtum içəndə deyir ki, su xoşuma gəlmir, yanından kimsə təkid edir ki, iç, heç nə olmaz, buranın suyu belədir. Həmin suyu içəndən sonra halı dəyişir. Bakıya gəlib xəstəxanaya düşür. Əlavə söz-söhbət olmaması üçün də ailəsinə deyirlər ki, qarın yatalağından ölüb.

 

Asəf Zeynallı 27 oktyabr 1932-ci ildə yaradıcılığının inkişaf etdiyi bir dövrdə, bu ağır xəstəlikdən dünyasını dəyişir və Çəmbərəkənd qəbiristanlığında basdırılıb, sonralar “Qurd Qapısı” qəbiristanlığına köçürülüb.

Müəllif | Apa.Tv
Apa.tv