Evinizi isitmək üçün bu qurumla müqavilə bağlamalısınız – Yeni qərar
"Azəristiliktəchizat" ASC əhali istehlakçı qrupu ilə müqavilələrin bağlanılmasına başlayıb. Belə ki, Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli qərarı ilə təsdiq olunmuş "İstilik enerjisindən istifadə qaydaları"nın 1.4-cü bəndinə əsasən istilik və isti su təchizatı xidmətləri enerji təchizatı müəssisəsi ilə istehlakçı arasında bağlanılmış müqavilə əsasında həyata keçirilməlidir. İstehlakçılar zəruri sənədləri - mənzil mülkiyyətçisinin şəxsiyyət vəsiqəsi və çıxarışın surətini "Azəristiliktəchizat"ın əməkdaşlarına təqdim etməklə müqavilə bağlaya bilərlər. Müqavilə bağlanılmadığı halda istilik təchizatı xidmətlərindən istifadə qeyri-qanuni hesab olunacaq. Bəs abonent müqavilə bağlamaq istəmirsə? Ümumiyyətlə, abonentlə müqavilə bağlanılmasında məqsəd nədir? Vətəndaşlara nə kimi faydaları olacaq? "Azəristiliktəchizat" ASC-nin mətbuat xidmətinin rəhbəri Elvin Basqallı abonentin müqavilədən imtina etmə hallarının gözlənilən olmadığını söylədi. Elvin Basqallı onu da dedi ki, proses iki həftədir başlayıb. Qeyd edək ki “Azəristiliktəchizat” ASC 180 mindən çox mənzili istiliklə təmin edir. Bəs bu müqavilə sakinlərin ziyanına, ya xeyrinə olacaq? Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı dedi ki, "Azəristiliktəchizat" ASC əsasən sovet dövründən qalan binalara xidmət göstərir, bu qərarda məqsəd isə abonent sayını dəqiqləşdirməkdir. Ramil Osmanlı onu da vurğuladı ki, müqavilə bağlamaq istəməyən abonentin məcburi qaydada cərimə olunması yolaverilməzdir. Ekspert onu da qeyd etdi ki, vətəndaş müqavilədən imtina etdiyi halda mənzil daxilində olan qurğular götürüləcək və göstərilən xidmət məhdudlaşdırılacaq. Əlavə məlumatlar üçün istehlakçılar qurumun (012) 956 nömrəli Qaynar Xətti ilə əlaqə saxlaya bilərlər.
Aygün Carçıyeva, Arif Əliyev, APA TV