Gəncədə dəhşət: Keçmiş məhkum pula görə müğənni bacısını öldürdü

Gəncədə dəhşət: Keçmiş məhkum pula görə müğənni bacısını öldürdü - APA TV Noyabrın 2-si səhər saatlarında Gəncədə qadın ögey qardaşı tərəfindən qətlə yetirilib. Dəhşətli qətl hadisəsi Gəncə şəhərində Kəlbəcər rayon sakinləri üçün inşa edilmiş Yeni qəsəbə ərazisində yerləşən 15-ci binanın qarşında qeydə alınıb. Qətlə yetirilən 34 yaşlı Səbinə Abbasova sözü gedən binada anası və qızı ilə yaşayırmış.Müğənni kimi fəaliyyət göstərən mərhum Səbinə Abbasovanın yaxınları qadının qardaşı tərəfində tez-tez təzyiqlərə məruz qaldığını bildiriblər. Onu qətlə yetirməkdə təqsirli bilinən Hüseyn Abbasov isə mərhumun ata bir, ana ayrı qardaşıdır. O, Bərdə şəhərində yaşayırmış. Qətlə səbəb isə Hüseyn Abbasovun müğənni bacısından pul tələb etməsi olub. Səbinə Abbasova qardaşına pul verməkdən imtina edib. Bu səbəbdən Hüseyn Abbasov bacısını həyətə çağıraraq bıçaqla zərbələr vuraraq öldürüb. Mərhumun xalası bildirir ki, qardaşı qızı öldürmək üçün blokun qarşısında gözləyirmiş. Qətli törədən qardaş Hüseyn Abbasov prokurorluq və polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib. İş üzrə ibtidai istintaq davam etdirilir. Qeyd edək ki, hadisəni törətməkdə təqsirli bilinən 1984-cü il təvəllüdlü Hüseyn Abbasov anasını öldürdüyü üçün 15 il azadlıqdan məhrum edilib və 7 ay əvvəl cəzası başa çatdığından azadlığa çıxıb.

Fuad Nazimoğlu, Mehdi Rəşid, APA TV, Gəncə

Müəllif | Apa.Tv
Apa.tv