Gəncədə məktəblilərin mübahisəsi qanla bitdi

Gəncədə məktəblilərin arasında baş verən insident qanla bitib. Hadisə şəhərin Sadıllı qəsəbəsində yerləşən 17 saylı tam orta məktəbin həyətində qeydə alınıb. Sözü gedən məktəbin 10-cu sinif şagirdi olan 2008-ci il təvəllüdlü Raul İbrahimov bıçaqlanma diaqnozu ilə Gəncə Şəhər Birləşmiş xəstəxanasının tabeliyində olan Abbas Səhhət adına xəstəxanaya yerləşdirilib. Yaralı məktəbli dərhal əməliyyat edilib, onun vəziyyətinin normal olduğu bildirilir. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsidən bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır. Araşdırma zamanı məlum olub ki, Raul İbrahimovu onun sinif yoldaşı olan 2007-ci il təvəllüdlü Suliddin İsayev bıçaqlayıb. Bıçaq xəsarəti alan məktəblinin valideynləri danışmaq istəməyiblər. Hazırda araşdırmalar davam etdirilir. Qeyd edək ki, analoji hadisə ötən ay Goranboyun Dəliməmmədli şəhərində yerləşən Mahmud Zeynalov adına tam orta məktəbdə və Gəncədə yerləşən Aşıq Ələsgər adına 36 nömrəli tam orta məktəbdə də qeydə alınıb. Xoşbəxtlikdən həmin hadisələr vaxtı ölüm faktı olmayıb.

Fuad Nazimoğlu, Elşad Cəfər, APA TV

Müəllif | Apa.Tv
Apa.tv