Gəncədə qeysəriyyə əməliyyatı olunan qadın xəstəxanada öldü

Gəncədə qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın xəstəxanada ölüb. Hadisə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Perinatal Mərkəzində qeydə alınıb. Tərtər rayon sakini 31 yaşlı Günel Həsənova martın 27-də əməliyyat edilib. Qeysəriyyə əməliyyatı ilə Günel Həsənova 1 kq 300 qramlıq qız uşağı dünyaya gətirib. Əməliyyatdan sonra qadının vəziyyəti ağırlaşdığı üçün xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Lakin həkimlərin tibbi müdaxiləsinə baxmayaraq qadın bu gün səhər saatlarında xəstəxanada dünyasını dəyişib. Günel Həsənovanın yaxınları isə bildirirlər ki, övladları xəstəxanaya gələndə səhhəti normal olub. Hamiləlik dövründə Tərtərdə daima həkim nəzarətində olub. Ölüm halı ilə bağlı TƏBİB-in müvafiq komissiyası tərəfindən araşdırma aparılır. Cəsəd təşrih olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Ölümün dəqiq səbəbi aparılacaq patoloji anatomik müayinə nəticəsində aydınlaşacaq. Qeyd edək ki, azyaşlının müalicəsi Perinatal Mərkəzin Yenidoğulmuşların reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir. Vəziyyəti stabildir.

Fuad Nazimoğlu, Elşad Cəfər, APA TV

Müəllif | Apa.Tv
Apa.tv