Göyçayda bu yolun gördüyü yamağa, heç corabda da görməsiniz – “Vaxtında yeyiblər”
Göyçay sakinlərinin şikayəti var. Onların şikayəti Göyçay – Bərgüşad yolundandır. Ümumi uzunluğu 18 km olan asfalt örtüyü ötən əsrin 80-ci illərində salınıb. O gündən heç bir əsaslı təmir və yenidənqurma işləri görülməyib. 2017-ci ildə yolda asfaltlanma işləri start götürsə də, çox çəkmir ki, sakinlərin sevinci də elə bu yolun təmiri kimi yarımçıq qalır. Sakinlər deyir ki, 10 ilə yaxındır bərbad vəziyyətdə olan bu yol nə ciblərində pul, nə həyətlərində salamat bir maşın qoyub. Camaat peşmandır rayon mərkəzində bir işləri olsun, kənddən rayona getmək bir zülm, qayıtmaq ayrı bir zülmdür. Hər dəfə də 5 manata gedə biləcəkləri məsafədən ötrü 8-10 manat pul ödəməli olurlar. Sakinlər problemindən cana doyduqlarını deyirlər. İllərdir bu barədə aidiyyəti qurumlara müraciətlər etsələr də bir nəticə əldə edə bilməyiblər. Vəziyyət o yerə çatıb ki, taksi sürücüləri də problemdən bezar olub. Onlar bildirir ki, gedç haqqını ucuz deyəndə maşının xərcini ödəyə bilmirlər, 2 manatlıq yolu 8 manata deyəndə də müştərinin üzünə baxa bilmirlər. Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxladıq. Qurumun sözçüsü Anar Nəcəfli bildirdi ki, maliyyə ayrılacağı təqdirdə yol təmir olunacaq. Qeyd edək ki, bu yoldan 20-yə yaxın kəndin sakinləri mütəmadi olaraq istifadə edir. Sözügedən avtomobil yolu, nəinki Göyçayın kəndləri arasında, hətta bir çox şimal-qərb rayonlarına getmək üçün istifadə edilən ən sərfəli yol hesab edilir. Bakı-Qazax magistralı üzərində rayona ən optimal giriş yolu olsa da, keçilməz olduğundan Göyçaya səfər edənlər qonşu rayonlardan keçib gəlməli olurlar.
İlham Əhmədov, Taleh İbrahimov, APA TV