Hacıqabul çöllərində bir gün, çobanların qışlaq həyatı - APA TV

Hacıqabulun Pirsaat kəndinə yaxın bu düzən ərazilərində çoxlu heyvan sürüləri, fermalar və çobanlar görə bilərsiniz. Həyatlarını qışlaq və yaylaqlarda keçirən bu insanlar yaşamaq üçün hər şeyi məhz öz təsərrüfatları hesabına təmin edirlər. Elə ki, payız gəldi, dağlara qar düşdü bu çobanlar təsərrüfatlarını götürüb Arana üz tuturlar. Hacıqabulun bu düzlərinə əsasən Quba və Şamaxıdan olan çobanlar köç edirlər. Elə bizim də ilk qarşımıza çıxan gənc çoban qubalı idi. Küləkdə, soyuqda, yağışda, qarda da heyvanlara qulluq etməli olan bu insanlar öz işlərini sevirlər. Gənc çoban deyir ki, çobanlıq ata-babadan keçən peşədir və il boyu məşğul olmaq üçün kifayət qədər işləri olur. Onlar ailəvi şəkildə köç edirlər. Çobanları narahatdır ki, Aranda höküm sürən quraqlıq heyvanları otsuz qoyacaq. Onlar deyir ki, ot nə qədər çox, qış nə qədər mülayim olsa heyvanları saxlamaq o qədər rahat başa gəlir. Heyvanı tövlədə quru otla yox, otlaqda yemləyirlər bu da onları artıq xərcdən xilas edir. Burada çobanlıq edən elə ailələr var ki, bu ailələrdə olan uşaqlar köç üçün qışlaq seçilən rayonda məktəbə də gedirlər. Bu çobanların motal pendiri də bir başqa cür hazırlanır. Səhərdən çöldə olan çobanların istirahəti axşam sürünü tövləyə saldıqdan sonra başlayır. Yaz gələn kimi dağlara qayıdan çobanların yaylaqda dincəlmək, gül-çiçəkdən zövq almaq üçün kifayət qədər vaxtı olur. Əlibəy Zeynallı, Elçin Həsənov, APA TV

Müəllif | Apa.Tv
Apa.tv