Havadarların havada qalan arzuları – mürgüdən ayılan Ermənistan
II Qarabağ savaşından sonra Azərbaycanın əldə etdiyi qələbə və yaratdığı yeni geosiyasi reallıqlar 3 il sonra daha qabarıq formada özünü göstərməkdədir. Qondarma rejimin süqutu və ərazi bütövlüyümüzün tam bərpası bunu isbatlayan amillərdəndir. Qarabağ problemini konflikt kimi dondurub saxlamağa çalışan qərb də İrəvanla Bakı arasında sülhün imzalanacağı həqiqəti ilə barışıb və əngəl törətmə cəhdlərinin mənasız olduğunu anlayır. Ermənistan lideri Nikol Paşinyanın İrəvanla yanaşı, Moskva, Soçi, Brüssel və Praqadakı çıxışlarında da Azərbaycanın ərazi bütövlüyünü tanıması bu ölkədəki “miatsum” ideologiyasının dəfninin rəsmiləşməsi deməkdir. Axirətdə olan ATƏT-in Minsk qrupu da Bakının diktəsinə maneə deyil. Odur ki, sülhün imzalanmasına az qalıb. Yoxsa Ermənistan parlamentinin spikeri Alen Simonyan müsahibəsində barışıq haqqında sazişin yaxın günlərdə imzalanmasına diqqət çəkməzdi. Ermənistanda ömürlük həbsə məhkum olunmuş azərbaycanlıların azad olunması da sülhün yaxınlaşmasına digər örnək kimi göstərilə bilər. Politoloq Yeganə Hacıyevanın fikrincə Ermənistan vasitəsi ilə regionda öz maraqları naminə siyasət yürüdən xarici qüvvələr də sülhə maneə ola bilməz. Bəli, vacib olanlardan biri də havadarlarının manipulyativ niyyətlərini dərk edən Ermənistanın sülhdən başqa çıxış yolu qalmadı. Elə politoloq Əziz Əlibəyli də bildirdi ki, havadarlarından umduğunu ala bilməyən Paşinyan hakimiyyətinin güvəninin sarsılması sülh danışıqlarının bərpasına şərait yaratdı. Bir sözlə Paşinyan hakimiyyətinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha bəyan etməsi onu göstərir ki, Azərbaycanla diplomatik münasibətlər yaratmaq marağındadır. Bu həm iqtisadi həm də siyasi cəhətdən onun yeganə çıxış yoludur. AYTƏN SAKİTQIZI APA TV