“Həsənağanın qohumları”nın aqibəti necə olacaq?

İşdən yorğun gələnlər, səhər sübh gözünü xəbərdarlıq siqnalına deyil, məhz ətraf mühitin "səs basqısı"na məruz qalaraq açanlar azdırmı? Hələ nəzərə alsaq ki, bu səs siqnal səsidir. Bax, onda bunu bilərkdən edərək asayişi pozanlar, bəlkə də ən təhqirli kəlimələrə layiqdirlər. Özlərini “Həsənağanın qohumu” hesab edən bu insanlar ağıllarına deyil, ağızlarına gələnlərlə etdiklərinə görə ətrafın psixologiyasını pozmaqla yanaşı, digər fizioloji narahatlıqlar da yaradırlar. Hələ biz səhəri saat deyil qonşuda təmir işləri aparan ustanın drel səsi ilə açmasından danışmırıq. Səhərin sübhündə ömrümüzə xlor səpənlərin “xlor var” deyərək qışqırması da bir başqa aləmdir. Yanan barmağı xlorlamayanların düşünmədən bu addımı atması əsasən də yuxudan səksəkə ilə ayılan uşaqların, körpələrin sonrakı günü elə səksəkə ilə də keçirtmələrinə zəmin yaradır. Bəs yaxşı mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə saat 12-dən səhər saat 7-dək səs-küy salanlara, ucadan mahnı oxuyanlara, musiqi alətlərini ucadan ifa edənlərə, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutduranlara, bir sözlə məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozanlara qarşı hansı sanksiyalar tətbiq edilə bilər? Ümumiyyətlə belə hallar üçün qanunvericiliyə görə hər hansı məsuliyyət nəzərdə tutulubmu? Psixoloqlar hesab edir ki, ictimai yerlərdə heç kimə məhəl qoymadan asayişi kobudcasına pozanların ancaq və ancaq psixoloji problemləri var. Bu həm də mədəniyyət məsələsidir. Kulturoloqlar düşünür ki, bu mədəniyyət ailədən formalaşır. Bax, elə düşündürən sual da bu olmalıdır. Səbəb nə olursa olsun, nəticəsi cəmiyyəti narahat etməməlidir. Hər şeydən əvvəl bu mədəniyyət etik dəyər olaraq qəbul edilir. Ümid edirik ki, mövcud problem nə vaxtsa həllini tapar. Ən azından ümid edirik. Ümid isə sonda ölür.

AYTƏN SAKİTQIZI ARİF ƏLİYEV APA TV

Müəllif | Apa.Tv
Apa.tv