Həyatını təhlükəyə atan piyadalar
Son vaxtlar dövlət tərəfindən yolda hərəkətin təşkili, piyadaların təhlükəsiz və rahat gediş-gəlişini təmin etmək məqsədilə müxtəlif tədbirlər görülür. Çox sayda yeraltı, yerüstü keçidlər və piyada zolaqları çəkilir. Amma buna baxmayaraq paytaxt sakinlərinin əksəriyyəti piyada keçidlərindən deyil, avtomobillərin intensiv hərəkət etdiyi yerlərdən keçməyi üstün tuturlar. Bu isə çox vaxt bədbəxt hadisələrə gətirib çıxarır. Qanunvericiliyə görə, piyadanın avtomobil yollarında yalnız piyada keçidindən istifadə etməsi vacib hesab edilib. Təəssüf ki, dəfələrlə xəbərdarlıq və cərimələr edilməsinə baxmayaraq, vətəndaşların bəziləri hələ də piyada keçidlərindən istifadə etmirlər. Ay ərzində onlarla piyada yol qəzalarının qurbanı olur, həyatını itirir və ya müxtəlif dərəcəli bədən xasarətləri alır. Əksər hallarda piyadaların vurulması hadisələri məhz piyada zolağı olmayan ərazilərdə baş verir. Müşahidələr apararkən, keçidlərdən keçməyən piyadalarla yanaşı nümunəvi vətəndaşlara da rast gəldik. Piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması, onların arasında intizamın möhkəmləndirilməsi məqsədilə DİN-in əməkdaşları tərəfindən mütamadi olaraq profilaktik tədbirlər keçirilir. Amma, hələ də özünün və sürücülərin həyatını təhlükəyə atan piyadalara rast gəlinir. Unutmaq olmaz ki, yol hərəkəti qaydasını pozmaqla təkcə öz həyatını deyil, həm də bir neçə insanın həyatını təhlükəyə atmış oluruq. Mənzilimizə bir neçə dəqiqə tez çatmaq üçün qaydaları pozmağımız bizi öz mənzilimizə yox, son mənzilimizə çatdıra bilər.