İşğaldan azad olunmuş ərazilərimizdə yeni növ ağaclar əkilir – REPORTAJ

Ermənilərin yox etdiyi minlərlə hektar meşə zolaqlarını və meyvə bağlarını yenidən bərpa etmək üçün artıq ilk addımlar atılıb və yeni tink sahələri salınıb.

 

APA TV-nin yerli bürosundan verilən məlumata görə, 30 ilə yaxın bir müddətdə  ermənilərin nəzarətində olan torpaqlarda məhv olub sıradan çıxan yaşıllıq massivlərinin bərpasına başlanılıb.

 

Ermənilərin törətdiyi ekoloji terrordan sonra təhlükəli əraziyə çevirdiyi torpaqlar, minalardan təmizlənərək yeni ağaclar əkilir. Minlərlə hektarda yaşıllıq massivinin bərpası üçün meşə təsərrüfatları mərkəzlərində yeni tinkliklər salınır.

 

Ağcabədi Regional Meşə Təsərrüfatının Mərkəzi meşə massivlərində ayrılan torpaq sahəsində ekoloji tarazlığın bərpası üçün ayrılan torpaq sahəsində işğaldan azad olan rayonların coğrafi mövqeyə uyğun olan ağac cinslərinin becərilməsinə başlanılıb. Burda  xan çinar, qarağac, akasiya, qlidiça, meliya, makliyora, iydə cinslərinin ya toxumları ya da qələmləri əkilir.

 

Ağcabədi  regional meşə təsərrüfatının əməkdaşı İlqar Rəhimov bildirib ki, meşə massivində əkinçiliyi genişləndiririk: “5 hektara yaxın tinkçilik sahəmiz var. Hazırda əkdiyimiz ağac növləri akasiya, melya, çinar, şam, sərv görüş ağaclarıdır”.

 

Ağcabədi Regional Meşə Təsərrüfatının Mərkəzinin ümumi ərazisi 1600 hektar ərazini əhatə edir. 2021-ci əkin planı 70 hektar olsa da, meşəbəyilər işğaldan azad olan ərazilərdə yaşıllığı bərpa etmək üçün ağaclar becərməklə bu il bu rəqəmi iki dəfə artırıblar. Onların məqsədi təkcə meşə zolağının yenidən salınması deyil, eyni zamanda həmin ərazidən olan sakinlərin həyətyanı meyvə bağlarını artırmaq və rayonun iqtisadiyyatını dirçəltmək üçün növ-növ ağacları yetişdirməklə meyvəçilik təsərrüfatlarını bərpa etməkdir.

 

Baş mütəxəssis Oktay Rəhimov prosesdən danışıb: “Bizdə əvvəlki illərdən qalma meyvə ağacları, ərik var, alça var, gavalı, armud, heyva nar var.  Xüsusilə dağ rayonları, Zəngilan və Qubadlı rayonları üçün çinar yetişdiririk. Hazırda səpin işləri gedir”.

 

Bərdəli meşəbəyilər də eyni məqsəd üçün çalışır. Onlarda istər meşə massivlərinin bərpası, istərsə də meyvəçilik təsərrüfatlarının yenidən yaradılması üçün ötən illə müqayisə də daha çox torpaq sahəsində yeni növ ağaclar becərir: “Qubadlı, Füzuli və Zəngilan rayonlarına ağac göndərmişik. Bilirik ki, o rayonlara ağac göndərmək lazım olacaq, bu səbəbdən də əkin sahələrimizi də genişləndirmişik ki, işğaldan azad olan rayonlara ağac göndərək”.

 

Hazırda sözü gedən meşəçilik təsərrüfatları müxtəlif növ minlərlə ağacları işğaldan azad olan rayonların ərazisində əkilməsi üçün göndərirlər. Ermənilərin törətdiyi ekoloji terrorun miqyası o qədər böyükdür ki, əldə olan material təbii ki, bu bərpanı tam ödəmir. Bu səbəbdən də onlar daha çox çalışma məcburiyyətindədirlər. Bu il səpdiyi toxum və ya əkdiyi tink növbəti il ağac olaraq o yerlərdə göyərəcək. Növbəti illərdə isə ev eşiyinə, dədə-baba yurduna dönə soydaşlarımız bu ağacların kölgəsində sərinləyəcək.

 

Habil Aslanoğlu

Ziya İsmayılov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv