İcra nümayəndəsi çəkilişdən niyə narahat oldu? - “Kəndə heç kim gəlmir”
40 ildən artıqdır ki, yol çiləsi çəkən bu camaat Ağsunun Ərəbuşağı və Ağalarbəyli kəndlərinin sakinləridir. Sakinlər deyir ki, kəndimizə nə taksi sürücüləri gəlir, nə də təcili tibbi yardım maşınları. Ümumi uzunluğu 5 km olan kənd yolundan nə şagirdlər, nə də sürücülər rahat istifadə edə bilir. Yaranan problemdən ən çox şikayətlənən sürücülərdir. Sürücülər deyir ki, maşınların aylıq xərci 600-700 manatı aşır. Sakinlər bildirir ki, yolun acınacaqlı olduğunu dəfələrlə yerli icra hakimiyyətinə və aidiyyəti qurumlara bildirsələr də müxtəlif vədlər və bəhanələrlə problemin həlli təxirə salınıb. Çəkiliş etdiyimiz zaman bizi düşmən gözündə görən kənd icra nümayəndəsi adım – addım bizi izləyib, sakinləri hədələsə də kəndin problemlərini dilə gətirməyə imkan vermədiyi kimi problemin həll edilib-edilməyəcəyi barədə də bir söz demədi. İcra nümayəndəsi Gülağa Əliyev, Ağsu İcra hakimiyyətinin Ərazi İdarəetmə şöbəsinin müdiri Sənan Feyzullayev və Humanitar məsələlər şöbəsinin müdiri Sevil Mirzəyeva dəfələrlə zəng edərək çəkilişin yayımlanmasına mane olmağa çalışdılar. Amma yolun nə vaxt təmir olunacağı ilə bağlı bir söz deməyə lüzum görmədilər. Problemlə bağlı AAYDA ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Anar Nəcəfli bildirdi ki, yolun yenidən qurulması nəzərdə tutulub. Qeyd edək ki, Ərəbuşağı və Ağalarbəyli kəndlərinin 5000-ə yaxın əhalisi var. Bu sakinlər nəhayət ki, yolda çəkdikləri əziyyətin sona çatmasını istəyirlər.
İlham Əhmədov, Taleh İbrahimov, APA TV